Ziyafət Əsgərov “Ermənistan beynəlxalq qətnamələrə məhəl qoymur”

Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan İran İslam Respublikasının mədəniyyət və islami irşad naziri Seyid Abbas Salehinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Milli Məclisdən XALQ.AZ-a verilən xəbərə görə,
qonaqları səmimi salamlayan Ziyafət Əsgərov İran və Azərbaycanın müştərək tarixə, mədəniyyətə və eyni dinə malik olduğunu dedi.

Qeyd olunub ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən və Ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıtmasından sonra iki ölkə arasındakı əlaqələrə xüsusi əhəmiyyət verilib, dostluq və qardaşlıq münasibətləri yüksək səviyyədə qorunub. Bu əlaqələrin bu gün də inkişaf etdirildiyini söyləyən Ziyafət Əsgərov xalqlarımız arasındakı mehribançılığı xüsusi vurğulayıb.

Vitse-spiker onu da bildirib ki, prezidentlərimizin qarşılıqlı səfərləri dostluq əlaqələrimizin daha da möhkəmlənməsinə təkan verir və bugünkü İran-Azərbaycan münasibətləri bir çox ölkələrə nümunə ola biləcək səviyyədədir. O, 2010-cu ildən bəri İranda və Azərbaycanda qarşılıqlı olaraq hər iki ölkənin mədəniyyət günlərinin keçirilməsinin artıq ənənə halını aldığını diqqətə çatdırıb. Ziyafət Əsgərov parlamentlərarası əlaqələrdən danışarkən dostluq qruplarının fəaliyyətini yüksək qiymətləndirib və Azərbaycan-İran Müştərək Komissiyasının fəaliyyətini xüsusi qeyd edib, dəmir yolunun inkişafı üçün görülən işlərdən danışıb.
Görüşdə vitse-spiker Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başvermə səbəblərindən və ölkəmiz üçün ağır nəticələrindən də söhbət açıb. Qeyd edilib ki, Ermənistan silahlı qüvvələri Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayır. İşğal altında olan ərazilərimizdə azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılıb, 1 milyon 200 min soydaşımız öz doğma ocağında qaçqın və məcbur köçkünə çevrilib. Ermənistan tərəfi BMT-nin Azərbaycan torpaqlarının qeyd-şərtsiz işğaldan azad olunması barəsində qəbul etdiyi qətnamələrə məhəl qoymur.

Səmimi görüş üçün minnətdarlığını bildirən İran İslam Respublikasının mədəniyyət və islami irşad naziri Seyid Abbas Salehi qədim tarixə malik olan Azərbaycan-İran əlaqələrinin son illər yüksək səviyyəyə çatdığını deyib. Nazir bu münasibətlərin inkişafında qarşılıqlı səfərlərin, yüksək səviyyəli görüşlərin əhəmiyyətini dilə gətirib. Qonaq hər iki ölkənin regional və beynəlxalq məsələlərdə müştərək mövqe sərgilədiyini söyləyib. İqtisadi əlaqələrdən söz açan Seyid Abbas Salehi bu münasibətlərin daha da dərinləşdirilməsi üçün görülən işlərdən danışdı, elm, təhsil, mədəniyyət sahələrində əlaqələrin inkişafı üçün yaxşı imkanların olduğunu bildirib.

Görüşdə Milli Məclisin İranla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov, qrup üzvləri Hadi Rəcəbli, Hüseynbala Mirələmov, Şəmsəddin Hacıyev və digər rəsmi şəxslər iştirak edirdilər.
Söhbətdə qarşılıqlı maraq doğuran bir sıra məqamlara toxunulub.