Ziyafət Əsgərov: “Sərbəst toplaşma hüququ məhdudlaşdırılmır”

“Bu qanunun qəbulu sərbəst toplaşmaq hüququnu məhdudlaşdırmır. Yalnız hərbi vəziyyətin tətbiq edildiyi yerlərdə sərbəst toplaşmaq hüququ məhdudlaşa bilər”

XALQ.AZ xəbər verir ki, bu sözləri birinci vitse-spiker Ziyafət Əsgərov Siyasi partiyalar haqqında qanun layihəsinə təklif edilən dəyişikliklərin mətbuatda və cəmiyyətdə yanlış şərh olunmasına münasibət bildirərkən deyib.

Z.Əsgərov bildirib ki,  təklif olunan dəyişiklikdə göstərilir ki, hərbi və ya fövqəladə vəziyyətin elan edilməsinə səbəb olmuş halların aradan qaldırılmasına və müəyyən edilmiş tədbirlərin həyata keçirilməsinə mane olan siyasi partiyanın fəaliyyəti hərbi və ya fövqəladə vəziyyət başa çatanadək siyasi partiyaların fəaliyyəti ləğv edilə və ya fəaliyyəti dayandırıla bilər.

“Bütün dünyada belədir. Bu qanun hazırlanrkən bütün beynəlxalq hüquqi  öhdəliklərə baxmışıq. Onların hamısının tələblərinə uyğundur.Bu məsələdən yazanda xahiş edirəm təhriflərə yol verilməsin.  Hərbi vəziyyətin təklifi hüququ cənab Prezidentə aiddir. O bununla bağlı təklifi Milli Məclisin müzakirəsinə təqdim edir. Arzu edək ki, belə hal olmasın. Lakin biz qanunumuzu bu hallara hazır etməliyik”, – deyə Əsgərov çıxışında bildirib.

Millət vəkili Qüdrət Həsənquliyev isə bildirib ki, hərbi vəziyyət elan olunanda  hansı partiyanın fəaliyyətinin mane olmasını müəyyən etmək çətin olacaq:
“Ona görə də təklif edirəm ki, ölkədə hərbi vəziyyət elan edilsə ,bütün siyasi partiyaların fəaliyyəti dayandırmalıyıq.  Bununla əlavə manipulyasiyaların qarşısını almış olarıq”.

 

Elgün