Əbülfəs Qarayev Fransa səfiri ilə görüşüb

XALQ.AZ xəbər verir ki, Mədəniyyət naziri Əbülfəs Qarayev ilə Fransanın ölkəmizdəki səfiri Aurelia Buşez arasında görüş keçirilib.

Nazirlikdən verilən məlumata görə, görüşdə Azərbaycan və Fransa arasında mədəni əlaqələr, yeni layihələr və gələcək perspektivlər barədə fikir mübadiləsi aparılıb.

Səfir Aurelia Buşez Azərbaycan-Fransa əlaqələrinin inkişafına böyük önəm verdiyini, bu istiqamətdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illlik yubileyi çərçivəsində bir sıra tədbirlərin təşkilinin nəzərdə tutulduğunu qeyd edib. Cari ilin may ayının sonunda ölkəmizə səfəri planlaşdırılan Fransanın yüksək səviyyəli rəsmisinin səfəri çərçivəsində 27 may tarixində iki ölkənin klassik musiqilərindən ibarət konsertin təşkil olunacağı və həmin konsertdə Azərbaycan Xalq Cümhuriyyətinin uğurlarına, eyni zamanda dahi bəstəkar Qara Qarayevin 100 illik yubileyi ilə əlaqədar onun əsərlərinə yer ayrılması təklif olundu. Bununla yanaşı Fransa tərəfi görüşdə cari ilin sonuna kimi Fransa arxeoloqları tərəfindən son 10 ildə ölkəmizdə aparılan tədqiqatlara həsr olunmuş sərginin təşkili, həmçinin 21 iyun tarixinin Beynəlxalq Musiqi Günü kimi qeyd edildiyini nəzərə alaraq Fransa musiqiçilərinin iştirakı ilə Bakıda konsertin keçirilməsi müzakirə olundu.

Əbülfəs Qarayev ölkə Prezidenti İlham Əliyevin Azərbaycan-Fransa əlaqələrinin inkişafına xüsusi önəm verdiyini, mədəni əlaqələrin yüksək inkişafında ölkəmizin Birinci vitse-prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müstəsna rolunu diqqətə çatdırdı və Fransa tərəfindən təşkil olunacaq tədbirlərin həyata keçirilməsində Mədəniyyət Nazirliyi tərəfindən lazımi dəstək göstəriləcəyini bildirdi.

Görüşdən sonra Əbülfəs Qarayev və A.Buşez Xalça Muzeyində keçirilən Beynəlxalq Muzeylər Gününə həsr olunan tədbirdə iştirak etdilər.

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir