Ədalət Vəliyev: “Ölkədə siyasi əməkdaşlıq sağlam mühitində davam etdirilir”

adala

“Azərbaycanda həyata keçirilən islahatların prioritet istiqamətlərindən biri olan korrupsiyaya qarşı mübarizə pandemiya şəraitində də səngiməyib”.

XALQ.AZ-ın xəbərinə görə, bunu Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev deyib.

Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyev  bildirib ki, Azərbaycan Prezidenti tərəfindən dövlət idarəçiliyinin bütün istiqamətlərini əhatə edən çoxşaxəli islahatlar aparıldığını, ölkənin daha da qüdrətlənməsi və dünya birliyində yüksək mövqe tutması, xalqın rifah halının daha da yüksəldilməsi üçün genişmiqyaslı tədbirlər görüldüyünü, eləcə də həyata keçirilən müxtəlif xarakterli dövlət proqramlarının cəmiyyətin bütün üzvlərini əhatə etməsinin diqqətdə saxlanılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin danılmaz xidmətləri olduğunu görüş iştirakçılarının nəzərinə çatdırıb.

Ədalət Vəliyev aparılan köklü struktur və kadr islahatlarına toxunaraq, Prezident Administrasiyasında ilk dəfə olaraq xüsusi struktur bölməsinin yaradılmasının ölkə rəhbərliyinin siyasi partiyalarla müntəzəm iş aparılması, sağlam əməkdaşlığın qurulması, habelə Milli Məclis ilə daha nizamlı əlaqələrin təşkili işinə verdiyi əhəmiyyətdən irəli gəldiyini diqqətə çatdırıb, şöbə tərəfindən dövlət başçısının tapşırığı ilə indiyə qədər görülmüş işlər, aparılmış təhlillər, siyasi partiyalarla yaxından tanışlıq və əməkdaşlığa yönəlmiş çoxsaylı görüşlər, habelə konstruktiv əməkdaşlığın qurulması, yeni siyasi mədəniyyətin təşəkkülü barədə ətraflı məlumat verib. O bildirib ki, ölkə Prezidentinin təşəbbüsü və iradəsi ilə Azərbaycanda artıq siyasi islahatların yeni mərhələsi başlanıb, siyasi sistemin yeni konfiqurasiyası formalaşmaqdadır və bu, iqtidar-müxalifət münasibətlərinin müzakirələr vasitəsilə inkişaf etdirilməsinə söykənir.

Sadalanan tədbirlərin ölkədə siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək məqsədi daşıdığını və çoxpartiyalı sistemin inkişaf etdirilməsinə yönəldiyini vurğulayan Ə.Vəliyev, həmçinin 9 fevral parlament seçkilərinin, habelə VI çağırış Milli Məclisin tərkibinin mütərəqqi yeniliklərinə diqqəti çəkib.

Siyasi islahatların dərinləşdirilməsi üçün növbəti mərhələnin Milli Məclisdə təmsil olunan siyasi partiyaların xüsusi yeri və rolu ilə aparılacaq partiyalararası konstruktiv siyasi müzakirələr olduğunu bildirən natiq Azərbaycan dövlətçiliyi üçün prinsipial olan məsələlərin milli həmrəylik yolu ilə həll edilməsinin vacibliyini qeyd edib. O, ölkə rəhbərliyinin koronavirus pandemiyası ilə mübarizədə həm ölkə daxilində, həm də qlobal miqyasda həyata keçirdiyi tədbirlər, habelə korrupsiyaya qarşı mübarizə tədbirləri barədə geniş məlumat verib.

Pandemiya dövründə dövlət başçısının siyasətinin prioritetinin insanların sağlamlığı və onların sosial müdafiəsinin təmin edilməsi olduğu, bütün zəruri qabaqlayıcı tədbirlərin görüldüyü, xəstələrin ödənişsiz müalicəsi üçün onlarla xəstəxana ayrıldığı, eləcə də 10 müasir modul tipli xəstəxana tikildiyi, istifadəyə verildiyi, zəruri tibbi avadanlıqlar alındığı, qısa müddət ərzində ölkədə lazımi tibbi ləvazimatların istehsalına başlanıldığı, habelə iqtisadi sabitliyin və məşğulluqla bağlı problemlərin həlli üçün 3,5 milyard manatdan artıq dəstək paketi qəbul olunduğu, 900 mindən çox işçinin əməkhaqqı tam həcmdə saxlanılmaqla, qeyri-dövlət sektoru üzrə isə 690 min işçinin əməkhaqqının əhəmiyyətli hissəsinin dövlət tərəfindən ödənildiyi, bununla yanaşı, 600 min aztəminatlı, işsiz və qeyri-rəsmi çalışan vətəndaşa yaşayış minimumuna uyğun olaraq vəsait ödənilməsinin təmin olunduğu və bu işin davam etdirildiyi, eləcə də vergiödəyiciləri üçün vergi güzəştləri və vergi tətillərinin nəzərdə tutulduğu Prezident Administrasiyasının şöbə müdiri tərəfindən diqqətə çatdırılıb. Görülən tədbirlər çərçivəsində ölkə başçısının təşəbbüsü ilə həm də rəmzi məna daşıyan və Azərbaycan cəmiyyətinin həmrəyliyini nümayiş etdirən Koronavirusla Mübarizəyə Dəstək Fondunun təsis edildiyi, həm ölkə Prezidenti, həm də Birinci vitse-prezident tərəfindən özlərinin birillik əməkhaqqı məbləğlərinin fonda ianə edilməsinin xüsusi rəğbət doğurduğu, eyni zamanda, Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü və rəhbərliyi ilə Heydər Əliyev Fondu vasitəsilə qayğıya ehtiyacı olanlara bu çətin günlərdə göstərilən yardımların insanpərvərliyin və milli həmrəyliyin bariz nümunəsi olduğu vurğulanıb.

Ə.Vəliyev qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatının pandemiya ilə mübarizədə nümunəvi hesab etdiyi Azərbaycan tərəfindən, həmçinin könüllü beynəlxalq ianələr ayrılıb, 30-dan artıq dövlətə humanitar yardımlar edilib. Bununla yanaşı, 150 ölkənin kredit üçün müraciət etdiyi şəraitdə Azərbaycanın dayanıqlı iqtisadiyyatı sayəsində buna ehtiyacı olmadığı bildirilib. Bu dövrdə Azərbaycanın qlobal liderlik nümayiş etdirərək nüfuzlu beynəlxalq təşkilatların yüksək səviyyəli görüşlərinin təşəbbüskarı kimi çıxış etdiyi iştirakçıların diqqətinə çatdırılıb.

Prezident Administrasiyasının rəsmisi Azərbaycanda həyata keçirilən islahatların prioritet istiqamətlərindən biri olan korrupsiyaya qarşı mübarizənin pandemiya şəraitində də səngimədiyinə toxunaraq, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən yüksək peşəkarlıqla həyata keçirilən tədbirlər barədə də danışıb. O, həmçinin pandemiya dövründə ölkədəki siyasi partiyaların mütləq əksəriyyətinin dövlət başçısının siyasətini yaxından dəstəklədiyini, Azərbaycanda iqtidar ilə müxalifət arasında milli maraqlar naminə indiyədək müşahidə edilməyən yaxınlaşmanın və ölkənin siyasi mühitində sağlam əməkdaşlıq şəraitinin meydana gəldiyini vurğulayıb. Çıxışının sonunda Ə.Vəliyev siyasi partiyaları dövlətçiliyin möhkəmləndirilməsi üçün birgə əməkdaşlıqda səylərini artırmağa çağırıb.