Əflatun Amaşov qəzetlərin bağlanmasına münasibət bildirib

“İctimai fikir internet üzərindən yayımlanan kütləvi informasiya vasitələri tərəfindən formalaşır. Amerikada da, Avropada da, Asiyada da belədir, Azərbaycanda da belədir. Düzdür, qəzetin özünün xüsusiyyətləri var, qəzet salnamədir, hadisələrlə bağlı geniş materiallar verir, maarifçiliklə əlaqədar kifayət qədər işlər görür. Qəzet salnamə olaraq arxivlərdə qalır, tarixdir. Əminəm ki, qəzetlər həmişə də qalacaq”.
XALQ.AZ xəbər verir ki, bunu Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. MŞ sədri bildirib ki, hazırda ictimai fikir qəzet, radio və televiziya tərəfindən deyil, məhz onlayn jurnalistika üzərindən formalaşır.

“Belə olan halda insanlar daha çox onlayn mediaya üstünlük verirlər, çünki insanlar əllərindəki mobil telefonla bir an içərisində dünyada nə baş verdiyini görür, yoxsa köşkə gedib qəzet almaq, qəzet tapıb oxumaq problem yaradır. Belə olan halda artıq reklamçılar da öz reklamlarını onlayn mediada verməkdə maraqlı olurlar. Bu zaman qəzetlər müəyyən problemlərlə qarşılaşır, qəzetlərin tirajı azalır, gündəlik çıxan qəzet həftəlik çıxmağa başlayır. Belə olan halda əsas mövqedə onlayn media dayanır. Bütün dünyada olduğu kimi Azərbaycanda da belədir. Artıq bizim insanlarımız onlayn mediaya üstünlük verirlər, Azərbaycanda əhalinin təqribən 80 faizi internetdən, təxminən 3 milyon insan sosial şəbəkələrdən istifadə edir. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 10 ildir ki, fəaliyyət göstərir. Fondu yaradanda məqsəd ondan ibarət idi ki, KİV-lərə dövlət yardımı tətbiq olunsun və əsasən də qəzetlərimiz inkişaf etsin, ayrılan vəsait keyfiyyətin, jurnalistlərin peşəkarlığının artmasına sərf olunsun. Artıq 10 il vaxt keçib və Fondun son iclasında tələblər dəyişib, ciddiləşir. Bundan əvvəl qəzetin 1000 nüsxəsi abunə, satış yolu ilə realizə edilirdisə, artıq tələb artıb. Bu da təbiidir. Əgər bir qəzeti 1000 nəfər, 2000 nəfər oxumursa, bu qəzet onda kim üçün çap olunur? Kimlər ki, bu tələblərə cavab verəcək, onlar yenə əvvəlki qayda ilə yardım alacaqlar, əvvəlki qayda ilə fəaliyyətlərini davam etdirəcəklər. Kimlər ki, bu öhdəlikləri yerinə yetirməyəcək, artıq o qəzetin rəhbərliyindən, kollektivdən asılı olacaq ki, fəaliyyətlərini necə qursunlar”.

Ə.Amaşov vurğulayıb ki, qəzetlərin əksəriyyəti onlayn versiyaya üstünlük verəcəklər və öz media qurumlarını möhkəmləndirib inkişaf etdirəcəklər. “Belə məlumatlar yayılır ki, qəzetlər bağlanır. Burada qəzetlərin bağlanmasından söhbət getmir, söhbət qəzetlərin Fonddan aldıqları yardımdan gedir. Fond yaranana qədər qəzetlər çap olunurdu, yəqin ki, onlar Fonddan yararlanmayandan sonra da öz fəaliyyətlərini əvvəlki kimi davam etdirəcəklər”.

Qeyd edək ki, yeni şərtlər elan olunandan sonra bir neçə qəzet fəaliyyətini dayandırmaq qərarına gəlib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.