Əflatun Amaşov təkliflər verdi

““Mediasiya haqqında” Qanun layihəsini nəzərdən keçirdim. Ümumən belə bir qanunun olması son dərəcə vacibdir. Əvvəla qanunvericiliyimiz zənginləşir. Cəmiyyətdəki mübahisələrin qabaqcıl dünya təcrübəsinə əsasən həlli yollarını təkmilləşdirmiş oluruq”.

XALQ.AZ xəbər verir ki,  bunu deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov Milli Məclisin bu gün keçirilən iclasında «Mediasiya haqqında» Qanun layihəsi ilə bağlı çıxışı zamanı deyib.

“Təcrübədə bəzən çox xırda mübahisələrin belə məhkəməyə daşındığını görürük. Bu, məhkəmələrin yükünü artırır. Hesab edirəm ki, qanunun icrası bu yükü əhəmiyyətli dərəcədə azaldacaq.

Rəhbərlik etdiyim Mətbuat Şurası ilə kiçik müqayisə apardım. Danılmaz faktdır ki, Mətbuat Şurasının fəaliyyəti media ilə bağlı məhkəmə proseslərinin sayının ciddi azalmasına səbəb olub. Təsəvvür edin, Şuraya il ərzində ayrı-ayrı vətəndaşlardan 700-ə yaxın şikayət məhkəmələrə ünvanlansaydı, nə baş verərdi. Müzakirə etdiyimiz qanun layihəsinə əsasən yaradılacaq Mediasiya Şurasının da bu baxımdan əhəmiyyətli rol oynayacağına inanıram”, Ə.Amaşov bildirib.

Deputat qeyd edib ki, mediasiya özü Azərbaycan ictimaiyyəti üçün yenilikdir:

“Düşünürəm ki, bununla, ümumən qanunla bağlı ictimai müzakirələr təşkil edilməlidir. Cəmiyyət belə bir institutun olmasından, faydasından daha çox xəbərdar olmalıdır.

Daha bir məqama da diqqət yetirmək istəyirəm. Layihə xeyli əhatəli hazırlanıb. Orada mediasiya prosesindəki demək olar, bütün cəhətlər nəzərə alınıb. Qanun imkan verəcək ki, mediasiya həyatımızın ən müxtəlif sahələrindəki mübahisələrə nüfuz etsin, onların aradan qaldırılmasına kömək göstərsin. Amma bu institutu işlək hala gətirmək istəyiriksə, ilk növbədə maliyyəsinə önəm verməliyik. Qanun layihəsinin yalnız 19-cu maddəsində qeyd edilir ki, Mediasiya Şurasının əmlakı üzvlük haqları, qrantlar, ianələr və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşır. Mətbuat Şurasının uzunmüddətli təcrübəsindən faydalanıb deyə bilərik ki, Mediasiya Şurası ciddi maliyyə mənbəyi olmasa, ən azı ilk dövrlərdəki fəaliyyətini geniş anlamda qurmaqda çətinlik çəkəcək. Ona görə də bir sıra təkliflər vermək istərdim.

Birincisi, əmlakın formalaşması yolları ilə qurumun maliyyələşməsi məsələsi ayrılıqda götürülməlidir. Yəni maliyyələşmə yolları ayrıca maddədə göstərilməlidir. İkincisi, dövlət bu qanunun qəbulunda maraqlıdır, demək ki, ictimai münasibətlərin tənzimlənməsində səmərəliliyi artırmaq istəyir. Maliyyələşmədə üzvlük haqları, qrantlar, ianələr və qanunla qadağan olunmayan digər mənbələrin olması yaxşıdır. Buna etirazım yoxdur. Ancaq daha yaxşı olar ki, Mediasiya Şurasının fəaliyyətinin səmərəli qurulması üçün mütəmadi vəsait olsun. Bu da indiki şəraitdə yalnız dövlət vəsaiti ola bilər.

Sonda bir daha deyim ki, belə bir qanunun olması çox vacibdir. Heç şübhəsiz, faydalı nəticələr verəcək. Ancaq gəlin, elə edək ki, səmərərilik maksimum dərəcədə təmin olunsun. Bunun üçün isə Mediasiya Şurasının digər mənbələrlə yanaşı, dövlət büdcəsindən də maliyyələşməsi zəruridir”.

 

Orxan