“Əfqanıstanla ticarət dövriyyəsi 46% artıb” – Nazir

İqtisadiyyat naziri Şahin Mustafayev Əfqanıstanın Azərbaycandakı səfiri Xeyrullah Spelenay ilə görüşüb. 
XALQ.AZ xəbər verir ki, bu barədə  İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Naziri Azərbaycana səfir təyin olunması münasibətilə Xeyrullah Spelenayı təbrik edib, Azərbaycandakı diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Ş.Mustafayev qeyd edib ki, Azərbaycan və Əfqanıstan arasında müxtəlif sahələrdə əlaqələr qurulub və inkişaf edir. Əfqanıstanla iqtisadi-ticarət sahəsində 15-dən çox sənəd imzalanıb, Azərbaycanda xidmət, sənaye və nəqliyyat sahələrində 11 Əfqanıstan şirkəti qeydiyyatdan keçib. İqtisadiyyat naziri beynəlxalq platformalarda Əfqanıstanın ölkəmizi dəstəkləməsinin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

İkitərəfli əməkdaşlıqda ticarət əlaqələrinin rolunu qeyd edən Ş.Mustafayev 2018-ci ildə ticarət dövriyyəsinin 37%, 2019-cu ilin birinci rübündə isə 46% artdığını vurğulayıb. Bununla belə, ticarət əlaqələrinin şaxələndirilməsi üçün imkanlar genişdir. Birgə sərgilərin, biznes-forumların təşkili bu sahədə əməkdaşlığı daha da genişləndirə bilər.

Azərbaycanın əlverişli iqtisadi-coğrafi mövqedə, nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşdiyini vurğulayan Şahin Mustafayev Əfqanıstanın ölkəmizin tranzit potensialından istifadə edə biləcəyini diqqətə çatdırıb. Qeyd olunub ki, Aşqabadda keçirilmiş Əfqanıstan üzrə Regional İqtisadi Əməkdaşlıq Konfransında (RECCA) Lapis-Lazuli marşrutu üzrə müqavilə imzalanıb. Bu layihənin həyata keçirilməsi nəqliyyat-tranzit əməkdaşlığının genişləndirilməsi baxımından xüsusilə əhəmiyyətlidir.

Əfqanıstanın Azərbaycandakı səfiri Xeyrullah Spelenay ölkəsinin Azərbaycanla iqtisadi əməkdaşlığın inkişafında maraqlı olduğunu, əlaqələrin genişləndirilməsi baxımından iş adamları arasında görüşlərin təşkilinin faydalı olacağını qeyd edib. Səfir ölkəsinə göstərdiyi yardımlara görə Azərbaycana təşəkkürünü bildirib.

Görüşdə iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi, həmçinin Azərbaycan-Əfqanıstan iqtisadi əməkdaşlıq üzrə birgə işçi qrupunun fəaliyyəti ilə bağlı müzakirələr aparılıb.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.