Əli Əhmədov: “Əli İnsanov əfv edilib, amma islah olunmayıb”

Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı dövlət başçısının humanizm siyasətinin daha bir nümunəsidir.

XALQ.AZ xəbər verir ki, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi Əli Əhmədov jurnalistlərə deyib.

Ə.Əhmədov xatırladıb ki, məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam 400-dən artıq insana şamil edildi:

“Bu, Prezidentin böyük humanizmindən xəbər verir. Dövlətimizin başçısı müxtəlif qanun pozuntularına yol verdiklərinə görə azadlıqdan məhrum edilən insanları əfv etməklə onların ailələrinə sevinc bəxş etdi. Bu sərəncam birinci deyil, dəfələrlə belə sərəncamlar imzalanıb. Azərbaycan hökumətinin məqsədi insanı cəzalandırmaq deyil, qanunun aliliyini gözləməklə insanı etdiyi səhvdən çəkindirməkdir. Əgər bu adamlar səhvlərini başa düşüblərsə, Prezident humanizmlik göstərir və əfv edir”.

Baş nazirin müavini əfv olunan keçmiş səhiyyə naziri Əli İnsanovun verdiyi bəyanata da münasibət bildirib:

“Əfv olunan şəxslərdən biri də Əli İnsanovdur. Prezident onu əfv etməklə humanizmliyini nümayiş etdirdi. Təəssüf hissi ilə qeyd etmək istərdim ki, Əli İnsanov azadlığa buraxıldıqdan sonra fərqli açıqlama verdi. Prezidentin humanizmliyi sayəsində azadlığa çıxan insan gərək belə etməyəydi”.

O vurğulayıb ki, azadlığa çıxanlar arasında fərqli dünya görüşünə malik insanlar var, onların hamısı əfv sərəncamını yüksək qiymətləndirdi: “Bu, ən azından insani borcdur. Əgər sənə qarşı yaxşılıq, humanistlik edilibsə, “sağ ol” deməlisən. Amma biz bunu Əli İnsanovdan görmədik”.

Ə.Əhmədov əlavə edib ki, hər hansı beynəlxalq təşkilat və ya dövlət Ə.İnsanovun azadlığa buraxılması ilə bağlı Azərbaycan hökuməti qarşısında nə vəsatət qaldırıb, nə də xahiş edib: “Əli İnsanovun guya azadlığa çıxmasında hansısa dövlətin xidmətlərinin olması haqqında danışması, ən yumşaq şəkildə ifadə etsək, ona edilən yaxşılığı dərk etməməsi anlamına gəlir. Görünür, Əli İnsanov əfv olunmasına baxmayaraq, islah olunmayıb. Buna çox təəssüf edirəm. Hesab edirəm ki, Əli İnsanov səhvini başa düşər. Etdiyi səhvlər onun üçün nəticə olmalıdır. O, Prezidentin humanizmini qiymətləndirməlidir. Əgər qiymətləndirə bilmirsə, bu, onun hansı keyfiyyətlərə malik olduğunu göstərir”.

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.