Əli Əhmədov iclas keçirib

Nazirlər Kabinetində dərman vasitələrinin qeyri-qanuni dövriyyəsinə, keyfiyyətinə və təyinatı üzrə istifadəsinə nəzarət məsələləri ilə bağlı iclas keçirilib.

XALQ.AZ xəbər verir ki,  Baş nazirin müavini Əli Əhmədovun sədrlik etdiyi iclasda müvafiq dövlət qurumlarının rəhbərləri və nümayəndələri dərmanların idxalı və keyfiyyətinə dair müzakirələr aparıblar.

İclasda çıxış edən Baş nazirin müavini Əli Əhmədov dərman vasitələrinin dövlət tərəfindən qiymətlərinin tənzimlənməsi haqqında Azərbaycan hökumətinin qərarının olduğunu və bunun vətəndaşların sağlamlığına xidmət etdiyini bildirib. Qeyd edib ki, ölkədə dərman vasitələri dövlət tərəfindən tənzimlənən qiymətlərlə satılır və Azərbaycan vətəndaşları bunu yüksək qiymətləndirir. Bunun nəticəsidir ki, bir neçə gün əvvəl saxta dərman satışı ilə məşğul olan bir qrup şəxs ifşa edilib.

Əhalinin sağlamlığının qorunması istiqamətində görülən işlərdən danışan Əli Əhmədov deyib ki, artıq Azərbaycanda orta ömür müddəti uzanıb, yaşlı insanların sayı çoxalıb. Buna baxmayaraq, dərman bazarlarına keyfiyyətsiz məhsulların daxil olması barədə məlumatların olduğunu deyən Baş nazirin müavini vurğulayıb ki, Azərbaycanda saxta dərman satışına qarşı mübarizə qətiyyətlə davam edəcək.

Əli Əhmədov bildirib ki, dünyada saxta dərman problemi geniş yayılıb və buna qarşı mübarizə aparılır. Eyni zamanda, Azərbaycanda da saxta dərman satışına qarşı ciddi mübarizə tədbirləri görülür.

Baş nazirin müavini dərman istehsalı və satışı ilə məşğul olan müəssisələrin fəaliyyəti üçün Azərbaycan hökuməti tərəfindən yaradılan şəraitdən danışıb və bundan sonra da onlara hər zaman kömək olunacağını diqqətə çatdırıb.

Tədbirdə ölkənin dərman bazarında keyfiyyətsiz və qeydiyyatdan keçməyən preparatların mövcud olduğu bildirilib və bu cür mənfi hallara qarşı ciddi mübarizə tədbirləri görməyin vacibliyi vurğulanıb.

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.