Əli Əhmədov: “Murtuz Ələsgərovun Ümummilli Lider Heydər Əliyevin ideyalarının yayılmasında əvəzolunmaz xidmətləri olub”

Murtuz Ələsgərovun Ümummilli Lider Heydər Əliyevin ideyalarının yayılmasında əvəzolunmaz xidmətləri olub.

XALQ.AZ xəbər verir ki,  bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini və icra katibi Əli Əhmədov Bakı Dövlət Universitetində (BDU) tanınmış ictimai-siyasi xadim Murtuz Ələsgərovun anadan olmasının 90 illiyinə həsr olunmuş elmi konfransda çıxışı zamanı deyib.

Baş nazirin müavini M.Ələsgərovun şəxsiyyətinə hər zaman hörmətlə yanaşdığını bildirib: “Murtuz Ələsgərovu bir ziyalı kimi səciyyələndirən əsas xüsusiyyətlər o idi ki, Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparırdı, parlaq ideoloq idi. Murtuz Ələsgərovun bir alim kimi nüfuzu xalq hərəkatının daha da yüksəlməsinə kömək edirdi”.

Ə.Əhmədov M.Ələsgərovun Ulu Öndər Heydər Əliyevin ən yaxın silahdaşlarından biri olduğunu qeyd edib: “O, müstəqil Azərbaycan tarixində yeri olan bir şəxsdir. Heydər Əliyevin yaxın ətrafında olan Murtuz Ələsgərovun böyük həyat təcrübəsi var idi. O, Yeni Azərbaycan Partiyası sədrinin müavini olub. Onun Heydər Əliyevin ideyalarının yayılmasında əvəzolunmaz xidmətləri olub”.

Baş nazirin müavini əlavə edib ki, mübariz bir insan olan M.Ələsgərov Azərbaycanın müstəqilliyi uğrunda, Heydər Əliyevin ideyalarının qorunub saxlanmasında da öz mübarizlik keyfiyyətini göstərib: “O, daim mübariz insan olub. Murtuz Ələsgərov bu gün də onu tanıyanların qəlbində yaşayır”.

Milli Məclisin sədri Oqtay Əsədov isə çıxışında deyib ki, Murtuz Ələsgərov BDU-da sıravi müəllimlikdən rektor vəzifəsinə qədər ucalıb: “O, Azərbaycan xalqının haqq səsini dünyaya çatdırmaq üçün bütün vasitələrdən istifadə edirdi. Murtuz Ələsgərov məqalələrində hər zaman Heydər Əliyevin xalq lideri olduğunu xüsusi qeyd edirdi”.

Buna görə onun təzyiqlərə məruz qaldığını xatırladan Milli Məclis sədri M.Ələsgərovun ilk parlament üzvü olduğunu da nəzərə çatdırıb.

Spiker qeyd edib ki, M.Ələsgərovun parlamentə rəhbərlik etdiyi 9 il Milli Məclisin məhsuldar dövrü olub: “Murtuz müəllimin xidmətləri dövlətimiz tərəfindən çox yüksək qiymətləndirilib. O, əsl Azərbaycan ziyalısının xüsusiyyətlərini özündə birləşdirirdi”.

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.