“Əsədoğlu” fermer təsərrüfatına daxil olan sahələrlə tanışlıq olub

Ölkəmizdə bütün sahələrin, o cümlədən kənd təsərrüfatının inkişaf etdirilməsinə dövlət tərəfindən göstərilən diqqət və qayğı ildən-ilə artırılır.
XALQ.AZ xəbər verir ki, Ərzağa olan daxili tələbatın əsasən öz potensialı və imkanları hesabına ödəyə bilmək üçün regionlarda infrastruktur sahələrinin yaradılması və kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində fermer və sahibkarlar üçün hər cür şərait yaradılıbdır.  Bu səbəbdən də istər məhsul yığımında, istərsə də heyvandarlıq sahəsinin inkişafında mühüm və uğurlu nəticələr əldə edilir. O cümlədən  ölkəmizin kənd təsərrüfatı rayonlarından hesab edilən Ağstafada özəl sektorun inkişafına xüsusi diqqət yetirilir. Bunun nəticəsində rayonda fəaliyyət göstərən “Əsədoğlu” fermer təsərrüfatı da dövlət qayğısı sayəsində ildən-ilə inkişaf edir və fəaliyyətini daha da genişləndirir. Ağstafa rayonu İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev müavinləri və təsərrüfatın fermerləri  ilə birlikdə buraya daxil olan təsərrüfat sahələrini gəzərək yaradılmış şəraitlə tanış olub. Fermer təsərrüfatına 7,0 ha üzüm bağı, 1,5 ha xurma bağı, 0,3 ha Türkiyə sortu olan “salxım əlfat” ceviz sahəsi və 1,0 ha ərazidə istixana kompleksi daxildir. Fermer təsərrüfatının rəhbəri Əsəd Kərimov üzüm bağlarında becərilən Fransanın brend sortları “Viktoriya”, “Redqlop”, “Prima” və Moldova, eləcə də ənənəvi “Təbriz” brendi ilə tanış edib, becərilmə texnologiyası haqda ümumi məlumat verib. Qeyd olunub ki, hazırda məhsullar yığılaraq növbəti aylarda daxili bazara çıxarılması üçün  təsərrüfatın soyuducu anbarlarına tədarük edilir. Bu amil həmçinin daxili bazarın rəqabət qabiliyyətini gücləndirir və süni qiymət artımının qarşısının alınmasına da müsbət təsir göstərir. Fermer həmçinin qeyd edib ki, gəlirlər artdıqca fermer təsərrüfatının maddi-texniki bazası da möhkəmlənir, fəaliyyət istiqamətləri daha da genişlənir. Bu isə əsasən üzümçülük üzrə ixtisaslaşmış təsərrüfatda gələcəkdə  əlavə sahələrində yaradılmasına stimul verir. Əsəd Kərimov bütün ağstafalı fermerlər adından onlara göstərilən yüksək diqqət və qayğı üçün ölkə rəhbərliyinə dərin minnətdarlığını ifadə edib.

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.