Nazirliyin 160 əməkdaşı YAP-a üzv olmaq üçün müraciət edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Yeni Azərbaycan Partiyası Yasamal rayonu, S.Əsgərova 85 ərazi ilk partiya təşkilatının növbəti iclası keçirilib.

XALQ.AZ xəbər verir ki,  əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, YAP-ın sıralarında gənclər böyük üstünlük təşkil edir və partiya sıralarına yeni qoşulanların əksəriyyəti də gənclərdən ibarətdir:

“Nazirliyin gənc əməkdaşları buna əyani nümunədir”,- deyə nazir vurğulayıb.

S.Babayev YAP sıralarına qəbul olunmaq üçün ərizə verən əməkdaşların ölkənin ictimai-siyasi həyatında fəal rol oynayacağına əminliyini ifadə edib.

YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov bildirib ki, S.Əsgərova 85 ərazi ilk partiya təşkilatının son dövrlərdəki fəaliyyətinin nəticəsində təşkilata üzv olmaq istəyənlərin sayı artıb.

S.Əsgərova 85 ərazi ilk partiya təşkilatının sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri Anar Əliyev bildirib ki, hazırda nazirliyin ümumilikdə 160 əməkdaşı YAP-a üzvlüklə bağlı ərizə verib. Onlardan 63 nəfəri Yasamal rayon təşkilatının S.Əsgərova 85 ərazi ilk partiya təşkilatına, digərləri isə aidiyyəti işlədiyi və ya qeydiyyatda olduqları ünvanlar üzrə ərazi partiya təşkilatlarına müraciət ediblər.

İclasda üzvlük üçün müraciət edən əməkdaşlar YAP sıralarına qəbul olunub.


 

 

Orxan