Əcnəbilərin Azərbaycanda ən çox işlədiyi sahələr

2019-cu ilin sonuna ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş və müddəti uzadılmış iş icazələrindən qüvvədə olanlara malik olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən (DSK) XALQ.AZ-a verilən məlumata görə, onların sayı 5466 nəfər olub.

Onlardan 31,8 faizi mədənçıxarma sənayesində, 30,5 faizi tikintidə, 10,7 faizi emal sənayesində, 6,5 faizi təhsil, 3,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 2,7 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi və 11,4 faizi digər sahələrdə məşğul olmaq üçün iş icazələrinə malik olub.

Həmçinin qeyd edilib ki, 2019-cu ildə Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 2042 nəfər gələn və Azərbaycandan 1654 nəfər gedən qeydə alınmış, ölkə üzrə miqrasiya saldosu müsbət 388 nəfər təşkil edib.