Ədliyyə nazirinin müavini Vilayət Zahirov Milli Məclisdə hesabt verdi

2019-cu ildə Azərbaycan Respublikasının hərtərəfli inkişafına yönəlmiş Heydər Əliyev strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilmiş, sosial-iqtisadi tərəqqi təmin olunmuşdur. Aparılan islahatlar dünyanın ən mötəbər iqtisadi qurumları tərəfindən yüksək qiymətləndirilərək, Dünya Bankının “Doing Business 2020” hesabatına görə Azərbaycan 20 ən islahatçı ölkə sırasında yer almışdır.
Ölkə həyatının bütün sahələrində olduğu kimi, yerli demokratiyanın inkişafında da uğurlar əldə edilmişdir. Yerli özünüidarəetmənin təşkili və bələdiyyələrin formalaşmasının 20 ilinin tamam olması, eləcə də növbəti bələdiyyə seçkilərinin keçirilməsi ölkəmizin ictimai-siyasi həyatında baş verən mühüm hadisələrdəndir.
Seçkilər nəticəsində 1.597 bələdiyyə üzrə 15.075 bələdiyyə üzvü seçilmişdir. Qadınların sayı 5.847 nəfər (38,8 %), gənclərin sayı isə 6.012 nəfər (39,9 %) olmuşdur. Bələdiyyə üzvlərinin tərkibinin xeyli hissəsinin yeniləndiyi nəzərə alınaraq məqsədyönlü hüquqi maarifləndirmə işinin aparılması üçün xüsusi tədbirlər planı hazırlanmışdır.
Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli Qanunu ilə “Bələdiyyələrin statusu haqqında” Qanununa edilmiş dəyişikliyə əsasən bələdiyyələrin fəaliyyətinin təşkilinə kömək və onlara metodoloji yardım göstərilməsinin hüquqi əsası ilk dəfə qanunla təsbit olunmuşdur.
Ədliyyə Nazirliyi tərəfindən yerli özünüidarəetmə məsələləri ilə bağlı bir sıra normativ hüquqi aktların layihələri hazırlanmış və başqa tədbirlər görülmüşdür. “Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın icrası məqsədilə hazırlanmış “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi baxılması üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilmişdir. Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı ilə “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təşkili haqqında” Təlimatda dəyişikliklər edilərək müvafiq Qanuna uyğunlaşdırılmışdır.
İl ərzində 80.261 (ötən illə müqayisədə 11 % çox) bələdiyyə aktı, o cümlədən Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində 1.796 akt hüquqi ekspertizadan keçirilmişdir. 77.427 (96,5 %) akt qanunvericiliyə uyğun hesab edilmiş, normativ hüquqi aktların tələblərinə zidd olan 2.765 aktın dəyişdirilməsi və ya ləğv edilməsi üçün aidiyyəti bələdiyyələrə təkliflər verilmişdir (ötən illə müqayisədə 15% çox). Bu təkliflər əsasında bələdiyyələr tərəfindən 1.285 akt ləğv edilmiş, 1.274 akt dəyişdirilmişdir.
Bələdiyyələr tərəfindən təmin olunmayan 19 təklif üzrə məhkəmələrdə iddia qaldırılmış, onlardan 8-i məhkəmə tərəfindən təmin edilmiş, 11 iddia isə hesabat ilinin sonuna məhkəmə icraatında olmuşdur. Qanunsuz verilmiş 7.019 ha torpaq sahəsinin bələdiyyə mülkiyyətinə və ya sahibliyinə qaytarılması təmin edilmişdir (ötən illə müqayisədə 18,5 % çox).
Bələdiyyə aktının ekspertiza üçün vaxtında təqdim edilməməsinə görə bələdiyyələrin vəzifəli şəxsləri barəsində 131 (2018-ci ildə 143) inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmələrə göndərilmiş, 112 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilmiş, 19 protokol isə ilin sonuna məhkəmə icraatında olmuşdur. Aparılmış 24 inzibati araşdırma üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilmişdir. 17 material üzrə cinayət işi başlanılmış, 1-i üzrə cinayət işinin başlanması rədd edilmiş, digərləri isə baxılmaqdadır.
Bələdiyyələrin fəaliyyəti ilə bağlı daxil olmuş 3.304 müraciətdən 140-ı təmin və ya qismən təmin edilmişdir (ötən illə müqayisədə 71 % çox). Hüquq pozuntularının və nöqsanların aradan qaldırılması və ya təkrar törədilməsinin qarşısının alınmasına önəm verilərək ayrı-ayrı bələdiyyələrə müxtəlif məsələləri əhatə edən 9.264 tövsiyə göndərilmişdir (ötən illə müqayisədə 55% çox).
Ümumilikdə 292 (ötən illə müqayisədə 17,3 % çox) maarifçilik tədbiri keçirilmiş (271 seminar və təlim, 21 tədris kursu), bu tədbirlərdə 11.050 bələdiyyə üzvü və qulluqçusu iştirak etmişdir (ötən illə müqayisədə 12,5 % çox). 25 (2018-ci ildə 15) metodik vəsait və tövsiyə hazırlanaraq bələdiyyələrə göndərilmişdir.
“Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planında nəzərdə tutulan aidiyyəti tədbirlərin icrası ilə bağlı maarifçilik tədbirləri davam etdirilmişdir. İnformasiya təminatının yaxşılaşdırılması məqsədilənazirliyin saytında “Bələdiyyə fəaliyyəti” bölməsi zənginləşdirilmişdir.
İl ərzində 235 bələdiyyədə kargüzarlıq və sənədlərin arxivləşdirilməsi işi öyrənilmiş, bu sahədəbələdiyyələrə zəruri kömək göstərilmişdir.Sahibkarlığın inkişafı sahəsində bələdiyyələr tərəfindən 22 yeni müəssisə təsis edilmiş, fəaliyyətə başlamış 7 müəssisəyə 100-ə yaxın işçi (daimi və mövsümü) cəlb edilmişdir. 4 bələdiyyəyə dövlət büdcəsindən 1 milyon manat subvensiya ayrılmışvə layihələr icra edilmişdir. Bunun nəticəsində 140-dan çox iş yeri açılmışdır.
Mədən vergisinin, habelə mehmanxana, sanatoriya-kurort və turizm xidməti göstərən şəxslərdən ödənişlərin yerli büdcələrə ödənilməsi, icarəyə ayrılmış bələdiyyə torpaqlarının məqsədli təyinatına uyğun istifadəsi və icarə haqlarının bazar məzənnələrinə uyğunluğunun təmin edilməsi, o cümlədən bələdiyyələr tərəfindən sosial sığorta borclarının ödənilməsi məsələləri ilə bağlı bir sıra tədbirlər görülmüşdür.
2019-cu ildə də bələdiyyələrin milli assosiasiyaları ilə Ədliyyə Nazirliyinin əməkdaşlığı davam etdirilmişdir.