Əflatun Amaşov və Vüqar Səfərli İstanbulda toplantıda iştirak ediblər

aflatun1

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov və Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli İstanbulda Türkdilli Ölkələrin və Toplumların Media Birliyinin Koordinasiya Şurasının toplantısında iştirak edib.

Xalq.az APA-ya istinadən məumat verir ki,  Türkiyədən, Azərbaycandan, Qırğızıstandan, Şimali Kipr Türk Cümhuriyyətindən, İraqdan (Kərkük), Bolqarıstandan, Şərqi Trakiyadan, Moldovanın Qaqauz Muxtar Ərazisindən, eləcə də Rusiyanın Tatarıstan və Başqırdıstan muxtar respublikalarından ümumilikdə 30-dək nümayəndənin qatıldığı tədbirdə başlıca müzakirə mövzusu Türkdilli Ölkələrin və Toplumların III Media Forumuna hazırlıq olub.

Qeyd edək ki, 2010-cu ilin dekabrında Ankarada, 2011-ci ilin oktyabrında isə Bakıda Türkdilli Ölkələrin və Toplumların müvafiq olaraq I və II forumları təşkil olunub. Koordinasiya Şurasının avqustun 27-də İstanbulun Kalyon hotelində baş tutmuş toplantısında isə mövcud istiqamətdə müzakirələr aparılıb. III Forumun 7-9 noyabr 2013-cü il tarixdə paytaxt Bişkekdə təşkili dəqiqləşdirilib. Türkdilli Ölkələrin və Toplumların Media Birliyinin katibliyi Ankarada fəaliyyət göstərir. Qurum baş katibi, Türkiyənin Mətbuat və İnformasiya Yayımı İdarəsinin rəhbəri Murat Karakaya da çıxışında ötən forumdan bəri görülmüş işlərdən söz açıb, perspektiv vəzifələrin icrası imkanlarını sadalayıb. Qarşılıqlı müzakirələrdə türkdilli ölkə və toplumların media quruluşlarının bir-birinə sıx inteqrasiyasının zəruriliyi müxtəlif faktlarla əsaslandırılıb. Sonda III Bişkek forumunun gündəliyi təsdiqlənib.