Əfsanəvi diktorun yubileyi qeyd olundu (FOTO)

A-1

Avqustun 30-da Siyəzən Şəhər Mədəniyyət Sarayında Azərbaycanda peşəkar diktorluq məktəbinin yaradıcısı, əfsanəvi səsə malik olan diktor Aydın Qaradağlının 85 illik yubileyi qeyd olundu.

Yubiley tədbirində yerli icra orqanlarının nümayəndələri, Azərbaycanın tanınmış incəsənət xadimləri, eləcə də mərhum sənətkarın ailə üzvləri iştirak edirdilər.

Tədbir iştirakçıları əvvəlcə Aydın Qaradağlının ifasında Cəfər Cabbarlının “Ana” şeirinin səs yazısını dinlədilər.

Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov xalqımız tərəfindən sevilən unudulmaz diktorun adının rayonda əbədiləşdirildiyini qeyd etdi. Bildirdi ki, 85 illik yubileyi ərəfəsində Siyəzən şəhərdəki küçələrdən birinə Aydın Qaradağlının adı verilib.

Tədbirdə Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq Artisti Azərpaşa Nemətov, şair və nasir, filologiya elmləri doktoru, professor Vüqar Əhməd, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Cavanşir Cahangirov və başqaları çıxış edərək təkrarolunmaz səs sahibi, böyük ziyalı Aydın Qaradağlı haqqında xatirə və düşüncələrini bölüşdülər.

Əfsanəvi diktorun həyat və yaradıcılığı haqqında məlumat verilərək bildirildi ki, Aydın Qaradağlı 1929-cu il avqustun 20-də anadan olub. 17 yaşında diktor kimi fəaliyyətə başlayan Aydın Qaradağlı 1957-ci ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Radio və Televiziya Verilişləri Komitəsində diktor işləyib. O, 1948-ci ildə Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Teatr Məktəbini (aktyorluq ixtisası üzrə), 1949-cu ildə isə Moskvada Ümumittifaq diktorluq kurslarını uğurla başa vurub.

Aydın Qaradağlı uzun ömür yaşamasa da, onun səsinin Azərbaycan mədəniyyətində rolu olduqca böyükdür. Görkəmli sənətkar istər rəsmi mövzuları, istərsə də bədii əsərləri dinləyicilərə böyük məharətlə çatdırırdı. Hazırda respublikada tanınmış diktorların əksəriyyəti məhz Aydın Qaradağlı diktor məktəbindən bəhrələnir, onun səs yazılarını araşdırıb öyrəndiklərini işlərində tətbiq edirlər.

Azərbaycan radiosunun “Qızıl fond”unda Aydın Qaradağlının ifasında Nizami Gəncəvi, Məhəmməd Füzuli, Cəfər Cabbarlı, Məhəmmədhüseyn Şəhriyarın və digər klassiklərinin, habelə Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Hüseyn Arifin əsərlərinin səs yazıları qorunub saxlanılır.

Aydın Qaradağlı 1980-ci il yanvarın 28-də 50 yaşında dünyasını dəyişib.

Ölməz sənətkarın övladları Vüqar və Aygül Qaradağlılar tədbirin təşkilatçılarına minnətdarlıqlarını ifadə bildirdilər.

Yubiley tədbirində tanınmış incəsənət ustalarının ifasında konsert proqramı təqdim olundu.

A-1

A-2

A-3