Əfv fərmanı icra olundu

57

 

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin mayın 26-da imzaladığı əfv sərəncamı ilə bugün Ədliyyə nazirliyinin Pentensiar xidmətinin Qaradağ rayon ərazisində yerləşən 13 saylı cəzaçəkmə müəssisəsində əfvin icrasına başlanılıb. Burada 13 nəfərə cəzasının çəkilməmiş hissəsindən azad olunması haqqında buraxılış vəsiqəsi təqdim olunub. Onlardan biri İran, digəri isə Belarus vətəndaşı olub. Buraxılış mərasimində Pentensiar xidmətin Tərbiyə işinin təşkili idarəsinin rəisi, ədliyyə polkovniki Rafiq Ramazanov iştirak edib.

 İdarə rəisi bildirib ki, hər il bu hümanist tədbirlər həyata keçirilir: “Hesab edirəm ki, 28 May Respublika günündə bu, cənab Prezident İlham Əliyev tərəfindən atılan çox gözəl addımdır. İnanıram ki, sizlər birdə belə bir hadisələrə yol verməyəcəksiniz”.
Əfv olunanlar isə Prezident İlham Əliyevə dərin təşəkkürlərini bildirərək, peşman olduqlarını dilə gətirdilər.
Daha sonra Pentensiar xidmətin Qobustan ərazisində yerləşən 14 saylı cəzaçəkmə müəssisəsində 7 nəfər öz azadlığına qovuşub. Onlardan 5 nəfər isə İran vətəndaşıdır.
Son olaraq Qobustan həbsxanasından 6 nəfərə buraxılış vəsiqəsi təqdim olununub.
Qeyd edək ki, Əfv olunanlardan azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 157 nəfər şəxs cəzanın çəkilməmiş hissəsindən, azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 2 nəfər, islah işlərinə məhkum edilmiş bir nəfər və cərimə cəzasına məhkum edilmiş 11 nəfər cəzadan azad ediliblər.