Əhəd Abıyev qəbul keçirib

XALQ.AZ xəbər verir ki, bu gün Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev rayonun ucqar dağlıq ərazisində yerləşən Qaraqullar kəndində hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə kənd sakinlərinin növbəti səyyar qəbulunu keçirib.

Ə.Abıyev vətəndaşlarla keçirilən hər bir görüşdə qaldırılan problemlərin və verilən təkliflərin yerinə yetirilməsi üçün aidiyyəti qurumlar tərəfindən konkret və əməli tədbirlər görüldüyünü diqqətə çatdırıb. Rayon rəhbəri ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan geniş abadlıq və quruculuq işləri barədə ətraflı məlumat verib. Ə.Abıyev, xüsusilə, vurğulayıb ki, dövlət başçısı İlham Əliyev 2012-ci ilin aprelin 2-də imzaladığı Sərəncamla 3 min nəfərdən çox əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Zağalı-Kollu avtomobil yolunun tikintisinin başa çatdırılması nəticəsində, Qaraqullar kəndinin də bu sahədə olan problemləri tam öz həllini taparaq, ərazidə yeni iş yerlərinin yaranmasına, kənd camaatının daha yaxşı yaşamasına və təsərrüfatlarını genişləndirməsinə şərait yaranıb, insanların gediş-gəlişi asanlaşıbdır.

Daha sonra kənd sakinləri rayon rəhbərinə təklif və müraciətlərini bildiriblər. Onlar respublikamızda və eləcə də, rayonumuzda gedən abadlıq-quruculuq və əsaslı yenidənqurma işlərinə görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Rayon rəhbəri sakinlər tərəfindən qaldırılan təklif və müraciətlərin həlli ilə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə öz tapşırıqlarını verib, əksər müraciətlər yerində öz müsbət həllini tapıb.

Təsdiq edilmiş qrafikə uyğun olaraq, Qaraqullar kənd sakinlərinin səyyar qəbulundan sonra Qaraqullar kənd inzibati-ərazi dairəsi üzrə nümayəndəliyinin 2018-ci ildəki fəaliyyətinə və 2019-cu ildə qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.

Qaraqullar kənd tam orta məktəbində keçirilmiş hesabat yığıncağında Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, Ağsaqqallar Şurasının və Qaraqullar bələdiyyəsinin üzvləri, eləcə də, kənd sakinləri iştirak ediblər.

Yığıncaqda rayon icra hakimiyyəti başçısının Qaraqullar kənd inzibati-ərazi dairəsi üzrə nümayəndəsi Elbrus Bayramovun geniş hesabat məruzəsi dinlənilib.

Daşkəsən rayon icra hakimiyyətinin başçısı Ə.Abıyev hesabat yığıncağında çıxış edərək, 2018-ci ildə ölkəmizin bütün sahələrində qazanılmış uğurlardan, yeniliklərdən və nailiyyətlərdən danışaraq, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitlik və sosial-iqtisadi islahatlar kursunun davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və regioqnların inkişafına xüsusi diqqət yetirildiyini söyləyib.

Yığıncanda YAP sıralarına qəbul olunmuş bir qrup gəncə partiya vəsiqələri təqdim olunub.

Sonda Ə.Abıyev Qaraqullar kənd inzibati-ərazi dairəsi üzrə nümayəndəliyin ərazisində mövcud olan çatışmazlıqların aradan qaldırılması və problemlərin həll edilməsi istiqamətində tədbirlərin görülməsi məqsədilə aidiyyəti şəxslərə müvafiq təlimat və tapşırıqlarını verib.

 

Orxan