Əhəd Abiyev səyyar qəbul keçirib

XALQ.AZ xəbər verir ki, Sentyabrın 19-da Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbulu Alaxançallı kəndində olub.

Görüşdə Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev çıxışında Alaxançallı kənd sakinləri ilə dəfələrlə görüşdüyünü və həmin görüşlərdə irəli sürülən məsələlərin həlli istiqamətində mühüm işlərin görüldüyünü bildirib.  O qeyd edib ki, ötən dövrlərdə kənddə aparılan abadlıq işləri çərçivəsində kəndə gələn yol təmir edilmiş, içməli su və elektrik enerjisi ilə fasiləsiz təminat sahəsində mövcud olan problemlər aradan qaldırılmış, xeyir-şər məclislərini keçirmək üçün mağar dəsti sakinlərin istifadəsinə verilmişdir. Kəndin qazlaşdırılması istiqamətində intensiv işlər aparılır və bu problem yaxın vaxtlarda tam öz həllini tapacaqdır.
Əhəd Abıyev  xüsusilə vurğulayıb ki, təmiz hava, yaşıllığın bol olması, zəngin fauna, Murovdağ silsiləsi boyunca uzanan meşə massivləri yay aylarında təbiət həvəskarlarını Daşkəsənə, o cümlədən  Alaxançallı kəndinə cəlb edir. Kənddə onlarla gur çeşməli, şəffaf, müalicəvi əhəmiyyətli mineral bulaq vardır. Onların sırasında Turşsu bulağı daha məşhurdur.
Rayon rəhbəri bildirib ki, Allaxançallı kəndi turizm baxımdan böyük potensiala malikdir və bu istiqamətdə artıq müvafiq layihələrin icrasına başlanmışdır.
Görüş zamanı kənd sakinlərinin müxtəlif məsələlər barədə müraciətləri qeydə alınıb.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev müraciətlərdə qaldırılan məsələlərin icrası ilə bağlı aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərlərinə öz müvafiq tapşırıqlarını verib. Əksər müraciətlər yerində həll edilib.
Görüşdə çıxış edən kənd sakinləri  onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək möhtərəm Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

 

 

Orxan