Əhali ilə növbəti səyyar qəbul və görüş

Pensər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan Çayoba kəndinin 420 təsərrüfatı 1460 nəfər əhalisi var. Əhalinin əsas məşğuliyyətini heyvandarlıq və əkinçilik təşkil edir.

XALQ.AZ xəbər verir ki,  Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin Çayoba kəndində əhali ilə səyyar qəbul və görüşü olmuşdur. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri iştirak etmişlər.

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev sakinləri salamlamış, son illər görülən quruculuq və abadlıq işləri barədə danışmışdır. Qeyd etmişdir ki, ilk dəfə kəndə görüşə gələndə sakinlər yalnız problemlərdən danışmış, sosial şəraitin çətinliyindən gileylənmişdilər. Amma ötən qısa vaxt ərzində ərazidə görülən işlər hamımızı sevindirir.   Kəndin mərkəzinə asfalt yol çəkilmiş, yeni məktəb binası tikilmiş, əhali təbii qazla və fasiləsiz elektrik enerjisi ilə təmin olunmuşdur. Bu günkü görüşümüzün məqsədi sizi narahat edən digər məsələlərin həllinə birgə nail olmaqdır.

Tədbirdə çıxış edən kənd sakinləri Sərraf Əhmədov, Qasım Həsənov, Arif Əliyev, Zakir İskəndərov, Ramazan Ramazanov və başqaları son dövrlər rayonda görülən çoxsaylı quruculuq, abadlıq işlərindən razılıqlarını bildirmiş, vətəndaşlara göstərilən yüksək qayğı və diqqətə görə möhtərəm Prezident İlham Əliyevə dərin təşəkkür və minnətdarlıqlarını ifadə etmişlər. Çıxış edənlər görülən işlərlə yanaşı mövcud problemlər – dizel yanacağı ilə qızdırılan Çayoba kənd tam orta məktəbinə qaz xəttinin çəkilməsi, Cəfərəməhəllə yolunun əsaslı təmiri, yararsız elektrik dirəklərinin dəyişdirilməsi barədə  təkliflərini vermişlər.

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Çayoba kəndinin sakinləri ilə növbəti işgüzar görüşdən razı qaldığını bildirərək, qaldırılan məsələlərin həllindən ötrü aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar vermişdir. İcra başçısı qeyd etmişdir ki, Respublikamızın hər yerində olduğu kimi, Astara rayonunda da geniş abadlıq və quruculuq işləri sürətlə davam etdirilir. Ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin müdrik rəhbərliyi ilə vətəndaşlarımızın rifahının daha da yaxşılaşdırılması üçün yeni-yeni infrastruktur layihələr həyata keçirilir. Rayonumuzun ən ucqar dağlıq ərazilərinə müasir standartlara uyğun yeni avtomobil yollarının çəkilməsi, dəniz sahilində gözəl park-bulvarın salınması, təhsil müəssisələrinin tikilməsi, qazlaşma görülən işlərin yalnız bir hissəsidir. Bunlar yüksək inkişaf yolunda olan müstəqil dövlətimizin gücünü göstərir. Ölkəmizin iqtisadiyyatı planlı şəkildə inkişaf etdikcə soisal layihələrin icrası da sürətlənir. Göstərilən bu qayğı və diqqətə görə rayonumuzun bütün sakinləri möhtərəm Prezidentimiz İlham Əliyevə səmimi qəlbdən təşəkkür və minnətdarlıqlarını bildirirlər.

Təkcə Çayoba kəndində qısa müddətdə görülən geniş abadlıq və quruculuq işləri, müasir tələblərə cavab verən tam orta məktəbin və çay emalı fabrikinin istifadəyə verilməsi, əhalinin böyük sevincinə səbəb olan təbii qaz xəttinin çəkilməsi  əhaliyə göstərilən diqqət və qayğının parlaq sübutudur. Bu yaxınlarda bir neçə yaşayış məntəqəsini birləşdirən daha bir yol – Ojakəran-Tüləküvan-Təngərüd avtomobil yolu tikilərək istifadəyə verildi. Bu yol ümumiyyətlə heç vaxt mövcud olmayıb. Amma əhali çoxaldıqca belə bir yolun salınması zərurəti yaranmışdı.

Cənab Prezidentin Ələt-Astara avtomobil yolunun açılışını etməsi Respublika əhalisinin, xüsusən də bölgəmizin əhalisinin böyük sevincinə səbəb olmuşdur. İndi daha tez, rahat və təhlükəsiz yolla Bakı şəhərinə getmək mümkündür. Lənkəran Hava Limanından rayonumuza on dəqiqəyə gəlmək o deməkdir ki, gözəl təbiəti, təmiz suyu və havası olan rayonumuz turistlərin, xarici qonaqların gəlişi üçün xeyli cəlbedici və asan olacaq.

Hazırda Pensərçayda sahilbərkitmə işlərinin aparılması planlaşdırılır. Cənab Prezidentin tapşırığı ilə yaxın müddətdə bu işin icrasına başlanılacaqdır. Digər bir məsələ Şiyəkəran kəndində olan yeni yol qovşağından Pensər və Şahağacı kəndləri istiqamətində mövcud  avtomobil yolunun əsaslı təmiridir ki, burada hərəkət təhlükəsiz və asan olsun. Ölkəmizdə formalaşmış sabitlik, əmin-amanlıq, inkişaf, rəhbərlə xalqın birliyi sayəsində yaxın gələcəkdə bu və digər işlər həllini tapacaqdır.

 

 

Orxan