Əli Əsədov Baş nazir oldu – Milli Məclis razılıq verdi

Oktyabrın 8-də Milli Məclisin növbəti plenar iclası keçirilir.

İclasda Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Əli Hidayət oğlu Əsədovun Baş Nazir vəzifəsinə təyin edilməsinə razılıq verilməsi barədə məsələ müzakirə edilib.

Plenar iclası açan Milli Məclisin Sədri Oqtay Əsədov qeyd edib ki, Novruz Məmmədov Azərbaycanın Baş Naziri vəzifəsindən azad edilməsi ilə bağlı Prezident İlham Əliyevə müraciət edib. O deyib ki, Baş Nazir postuna yeni namizəd Əli Əsədov hansı vəzifədə çalışmasından asılı olmayaraq bilik və bacarığını işə sərf edən, iqtisadi məsələlərə dərindən bələd olan mütəxəssisdir. Əminəm ki, Prezident İlham Əliyevin bu seçimi dövlətimiz, xalqımız üçün uğurlu olacaq.

Sonra iclasda məsələ ilə bağlı çıxışlar olub. Çıxışçılar Ə.Əsədovun indiyədək olan fəaliyyətini müsbət qiymətləndiriblər, dövlətçilik ənənələrinə sadiq şəxs olduğunu qeyd ediblər.

Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul olunub.

Xatırladaq ki, bu vəzifədə 2018-ci il aprelin 21-dən Novruz Məmmədov çalışırdı.

AzNews.az Əli Əsədovun dosyesi ilə sizi tanış edir:

Əsədov Əli Hidayət oğlu 1956-cı il noyabrın 30-da Naxçıvan şəhərində anadan olub. 1974-cü ildə Bakı şəhərindəki 134 saylı orta məktəbi, 1978-ci ildə isə Moskva Xalq Təsərrüfatı İnstitutunu bitirib.

Əmək fəaliyyətinə 1978-ci ildə Azərbaycan SSR Dövlət Plan Komitəsinin təyinatına müvafiq olaraq Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda baş laborant kimi başlayıb. 1978-1980-cı illərdə hərbi xidmətdə olub.

1980-1989-cu illərdə Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda Baş laborant, aspirant, kiçik elmi işçi, elmi işçi, 1989-1995-ci illərdə isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda Dosent, kafedra müdiri vəzifələrində çalışıb.

1995-2000-ci illərdə Birinci çağırış Milli Məclisinin deputatı olub.

Ölkə Prezidentinin 17 aprel 1998-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi, Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2012-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini təyin edilib.

O, 2012-ci ilin iyun ayında 2-ci dərəcəli “Vətənə xidmətə görə”, 2016-cı il 30 noyabrda 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. 1-dərəcə dövlət müşaviridir.