Əli Əsədov Londona səfər edəcək

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Avropa İttifaqı (Aİ) “Şərq Tərəfdaşlığı”na üzv ölkələrin ilk investisiya sammitini keçirəcək.

XALQ.AZ xəbər verir ki, sammit noyabrın 22-də bankın Londondakı baş ofisində baş tutacaq.

Bir gün davam edəcək sammit “Şərq Tərəfdaşlığı” regionunda yeni iş və investisiya imkanlarını müəyyənləşdirmək üçün dövlət və hökumət başçılarını, yüksək səviyyəli Aİ və AYİB nümayəndələrini, beynəlxalq investorları bir araya gətirəcək.

“Şərq Tərəfdaşlığı” investisiya sammitində Azərbaycanın Baş Naziri Əli Əsədov, Ermənistan Prezidenti Armen Sarkisyan, Belarusun Baş Naziri Sergey Rumas, Moldovanın Baş Naziri İon Kiku, Ukraynanın Baş Naziri Aleksey Qonçaruk, Gürcüstan Baş Nazirinin müavini, Regional İnkişaf və İnfrastruktur naziri Maya Tskitişvili və Aİ-nin qonşuluq siyasəti və genişlənmə üzrə Komissarı Yohannes Han iştirak edəcəklər.

Panel iclaslarda ölkələrin investisiya mühiti, investisiya meylləri və imkanları, AYİB-in fəaliyyət istiqamətləri müzakirə olunacaq.

Qeyd edək ki, AYİB “Şərq Tərəfdaşlığı” regionunda ən böyük institusional investordur, regionda özəl sektorun inkişafına dəstək və investisiya mühitinin yaxşılaşdırılması qurumun əsas prioritetlərindəndir. Bankın fəaliyyətə başlamasından bəri, AYİB regionun altı ölkəsində 1200-dən çox layihəyə 26 milyard avrodan çox investisiya yatırıb.