Əli Abbasov Biləsuvarda qəbul keçirib

09

 

Rabitə və informasiya texnologiyaları naziri Biləsuvarda vətəndaşları qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün müvafiq tədbirlər görürlər.
Xalq.az xəbər verir ki, oktyabrın 4-də rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Biləsuvarda bu rayondan, eləcə də Şirvan şəhərindən, Hacıqabul, Sabirabad, Saatlı, Salyan, Neftçala və Cəbrayıl rayonlarından olan vətəndaşları qəbul etmişdir.
Nazirliyin struktur rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşlar əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayım xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə qarşıya çıxan çətinliklərlə bağlı müraciət etmişlər.
Vətəndaşların müraciətlərində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılmış, müraciətlərin bəziləri yerindəcə həllini tapmışdır. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılması üçün qeydiyyata alınaraq nəzarətə götürülmüşdür.