Əli Həsənov: “Fərari oğlana qız vermək olmaz”

Ali Hasanov

“Hərbi xidmətə gedənlərin sayı 4-5 dəfə artmalıdır. Fərarilik birdəfəlik ləğv olunmalıdır. Fərari oğlana qız vermək olmaz. Biz bu ənənənin əsasını qoymalıyıq”.
Bunu baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Azərbaycan xalqının mərhum prezidenti Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə “Ulu öndər Heydər Əliyev – qaçqın və məcburi köçkün gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi, həmçinin Ali Hərbi Məktəbə, Hərbi Liseyə qəbul” mövzusunda keçirilən konfransda deyib.

“Gəncləri hərbiyə, orduya yönəltməliyik. Sovet dövründə olduğu kimi orduya, hərbiyə hörmət edilməlidir. Bu var, lakin lazımi səviyyədə deyil. Torpağı işğal altında olan millətin, xalqın gəncləri arasında fərarilik olmamalıdır!”

O, qeyd edib ki, 20 faizi işğal altında ikən ölkənin gəncləri hərbi vətənpərvərlik ruhunda tərbiyə almalı, xüsusən hərbi təhsil almalı, ölkəni işğaldan azad etməyə daim hazır olmalıdır. “Bizim güclü ordumuz var və torpaqlarımızı azad etmək iqtidarındadır. Buna baxmayaraq, hər bir gənc də öz növbəsində buna hazır olmalıdır”.

Nazir müavini işağl altında olan rayonların gəncləri arasında hərbi məktəblərə getmək istəyənlərin az olmasısının problem olduğunu deyib. “Bu, araşdırılmalı və bu istiqamətdə iş görülməlidir. Düşmən o zaman sülhə getməyə razı olacaq ki, qarşısında həm iqtisadi, həm hərbi cəhətdən güclü dövlət görsün”.

Komitə sədrinin fikrincə, Əli Həsənov hesab edir ki, hərbi güc, hərbi qüdrət önə çəkilməlidir. “Bu gün Azərbaycan Ordusu regionun ən güclü ordusudur və istənilən an işğal olunmuş torpaqları azad, Azərbaycanın ərazi bütövlüyünü bərpa edə bilər”.

O həmçinin bildirib ki, Dağlıq Qarabağ probleminin həllində nə ATƏT-in Minsk qrupundan, nə də digər dövlətlərdən heç nə gözləmir. Ə.Həsənovun sözlərinə görə, onlar boş-boş vədlər verirlər. Ermənilərə havadarlıq edirlər. “Məndə belə bir fikir formalaşıb ki, bu problem həll olunmayacaq. Nə etsə, cənab İlham Əliyev edəcək”.