Əli Həsənovdan sərt bəyanat

53

 

Məcburi köçkünlərin beynəlxalq təşkilatlara inamsızlığı artır

İyulun 30-da Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Deniz Duranla yenidən görüşüb.

Qurumun mətbuat xidmətindən Editor.az-a verilən məlumata görə, görüşdə Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonu ərazisində əsassız olaraq girov götürülmüş Rusiya Federasiyasının vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan Respublikasının vətəndaşları olan Şahbaz Quliyevin azad edilməsi və ermənilərin məlumatına görə, qətlə yetirilmiş Həsən Həsənovun meyidinin qaytarılması ilə bağlı ətraflı müzakirələr aparılıb.

Baş nazirin müavini Əli Həsənov Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbərinə ciddi xəbərdarlıq edərək bildirib ki, ilk növbədə Həsən Həsənovun meyidinin qaytarılması və digər girov götürülmüş şəxslərin azad edilməsi ilə bağlı fəaliyyətlərini gücləndirməlidir. Diqqətə çatdırılıb ki, bütün bunlar ölkə ictimaiyyəti, o cümlədən məcburi köçkünlər tərəfindən beynəlxalq təşkilatlara inamsızlığı artırır. Əgər bu gün Ermənistan tərəfi girovların və meyidin qaytarılmasında bu cür mövqe nümayiş etdirirsə, onda gələcəkdə hansı qarşılıqlı etimad əsasında qonşuluq etmək istəyindən söhbət açmaq olar.

Görüşdə bildirilib ki, bütün bu məsələlər ilk gündən ölkə prezidenti İlham Əliyevin nəzarətindədir və Azərbaycan hökuməti bu problemin həlli ilə gündəlik məşğuldur.

Dövlətqaçqınkom bildirir ki, Rusiya Federasiyasının vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan Respublikasının vətəndaşı olan Şahbaz Quliyevin azad edilməsinə köməklik göstərilməsi ilə bağlı ailə üzvlərinin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə ünvanlanmış məlum müraciəti artıq iyunun 28-də xüsusi rabitə vasitəsi ilə Kreml poçtuna daxil olub.

Görüşdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Firudin Sadıqov da iştirak edib.

Görüşdən sonara baş nazirin müavini cənab Əli Həsənov Həsən Həsənovun ailə üzvlərini qəbul edib.