“Əli Kərimlinin admin heyəti” – Elşən Musayev yazır…

“Admin heyəti”. Bu fraza Əli Kərimlinin son vaxtlar dövriyyəyə buraxdığı əsatirdir. Yəni, təxminən Məlikməmmədin nağılı kimi bir şey. Əvvəllər özü-özünü açıqca tərifləyə bilmirdi, məsələn çılpaq formada yazmaq imkanı yoxuydu ki, “Əli Kərimlinin məntiqi comolunqma zirvəsi hündürlüyündədir”, “Əli Kərimlidən hakimiyyətə dərs”, “Əli Kərimli əfsanəvi çıxış elədi” və s. Amma indi əlinə yaxşıca girəvə düşüb. Yazır və sonra da yazdıqlarını admin adı ilə sosial şəbəkələrə ötürür. Daha dəqiqi, sırıyır. Paralel fonda isə interneti evdən söndürür, telefonun şarjını çıxarır, məqsədli-şüurlu şəkildə rabitəsiz qalır, adını da yalandan qoyur ki, hakimiyyət məni blokadada saxlayır. Əlqərəz, köhnə üslub, nimdaş manevr, tanış Kərimli variantları.

Hələ iki həftə öncə Eldəniz Quliyevin Cəmil Həsənli haqda dediyi fikirlər diqqətimi cəlb etmişdi və orada nəzərəçarpan bir məqam vardı. Ki, demə bəs olaydan sonra Kərimli Quliyevə zəng edibmiş və əsəbi şəkildə söyləyibmiş ki, Cəmil bəy bu məsələdə səhvdir. Amma və yalnız! AXCP sədrinin “virtual ağsaqqal” jesti qalsın bir yana, o hardan və necə zəng etmişdi? Adam həmin vaxt guya “blokadada” idi axı. Deyilmi? Yoxsa bu blokada Kərimliyə sərf edəndə anındaca ləğv olur, sərf etməyəndə “avto-pilot”a düşür? Kimi dolayıb bu hərdəmxəyal? Kimə yedirtmək istəyir məlum yalanları? Kimi inandırmağa hesablanıb, mövcud sərsəmləmələr?

ZooMARKET konfransı yenə də Kərimlinin iddia elədiyi “blokada” vaxtı keçirilib. O tədbirin birində Kərimli də iştirak edir, amma az sonra (guya)“zaryadka”nın bitmə səbəbi ilə aradan çıxır. Necə iştirak edib orda? Peykdən aldığı əlahiddə internetləmi, yoxsa alpinistlərin istifadə elədiyi xüsusi rabitə qurğusu iləmi? Belə blokadamı olur, belə təcridmi olur, belə məhdudlaşmamı olur? Yoxsa o konfransdadamı Kərimlinin əvəzinə “admin heyəti” iştirak edib? Ya da stulda dinməzcə oturan kəs bəyin dublikatı olub? Bəlkə adam pasportunda dəyişiklik edərək adını “admin”, soyadını “heyət” qoyub, sadəcə bizim xəbərimiz yoxdur?

Avropa Şurasına duy vurublar. Kərimli blokadadır deyə. “Mötəbər” deyilən təşkilat da heç bir sorğu-filan göndərmədən, alternativ fikir dinləmədən, araşdırma aparmadan bir-iki ənənəvi “mirzəsi” ilə məsələyə kulisdən şərh verib ki, belə vəziyyətin yaranmasına ehtiyac yoxdur, gərək siyasi hakimiyyət rəqiblərinə qarşı bir az səbrli davransın. Səbrli? Bundan dahamı səbrli? Əli Kərimli də, onun qolçomaqları da yüz yeyib min dua eləsinlər ki, Azərbaycanda belə humanist iqtidar var. Müxalifətlə gerçəkdən kimsənin işi yoxdur. Blokada söhbəti də, admin uydurması da Əli Kərimlinin təhtəlşüurunda illərdir yatıb qalan uğursuzluq “travma”sının, şəxsiyyət qısırlığı kompleksinin nəticəsidir, mövcud problemin ressidiv simptomlarıdır. Ayrıca, “Milli Şura” və onun üzvləri hallusinasiya görürsə, qarabasmaya düçar olubsa, illuziyaya qapılıbsa, bütün olanlara xof zehniyyəti ilə baxırsa, həftəbazarına çıxdıqları ZooMarketdə millətə, vətəndaşa təhqir yağdırırsa, hər fürsətdə düşüklük edirsə, iyrənc jarqonlarını rəsmi diskussiya predmetinə çevirirsə, buna hakimiyyət neyləsin? Bəlkə günahı özlərində axtarsınlar? Bəlkə “Milli Şura” iqtidarı ittiham etmək əvəzinə öz kəkilli üzvlərinin danışığına, dilinə, qəhqəhəsinə, xorultusuna nəzarət eləsin? Belə daha məqbul olmazmı?   

Əli Kərimli siyasi hipertonikdir. Onun günbəgün ağıl əmsalı düşür, əqidə kütləsi düşür, maskası düşür, səviyyəsi düşür, amma bir tək təzyiqi düşmür. Və bu, əslində AXCP sədrinin özü tərəfindən yaradılan süni moduldur. Tonusda qalma modulu. Guya beləcə gündəmdən düşməyəcək. Guya saxta manevrlərlə siyasi müvazinətini bərpa edə biləcək. Amma çıfayda! Mümkün deyil. Çünki, adam bitib, avazıyıb, çoxdan tarixin zibilliyinə gömülüb.

Əli Kərimli çürüyüb, qıjqırıb, turşuyub.

Reallıq budur… 

Elşən Musayev Milli Məclisin deputatı