“Əli Kərimlinin başı hələ sirk nömrələri göstərməyə qarışıb” – Millət vəkili Elşən Musayev

“Əli Kərimlinin nadan xislətinə yaxından bələd olanlar bilir ki, adam problemi həmişə özü yaradır, sonra da guya onun həlli ilə məşğul olur. İndi də oxşar vəziyyətdir. Siyasi rıçaqları tamamən tükənən AXCP sədri artıq ən iyrənc, ikrah doğuran variantlara əl atır. Ətrafını qanunları pozmağa sövq edir, onları yenidən öz oyunlarına alət edir, bu cür insanların belinə, boynuna çıxıb hündür, böyük görünməyə çalışır”- XALQ.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayev AXCP sədri Əli Kərimlinin köməkçisi Faiq Əmirlinin inzibati qaydada həbsinə münasibət bildirərkən söyləyib.

“Əli Kərimli öz ətrafına şəxsən bu tapşırığı verib ki, qanunlari pozsunlar. Sonradan məlum proses üzərindən imitasiya eləmək üçün. Həm də ən yaxın ətrafa verilib bu tapşırıq. Açıq-aydın hiss olunur. Yoxsa Yaqublunun ardınca Əmirli hekayəsi bu qədər sürətlə yazılmazdı. Hələ bildiyim qədər bekar qalmasınlar deyə mühafizəçilər də xüsusi şəkildə təlimatlandırılıb. ki, bir oyunbazlıq eləsinlər, nümayişkəranə şəkildə küçədə-bayırda icazəsiz gəzsinlər, polis də yaxınlaşanda aqressiv təpki göstərsinlər. Yəni, neynirlər eləsinlər, amma hansısa formada həbs olunsunlar. Daha dəqiqi, özlərini həbs elətdirsinlər. Kərimlinin millət və dövlət naminə gördüyü “işlər”, düzənlədiyi perspektivlər, planladığı arzular bax budur! Ona görə rəzil günə qalıb. Ona görə Sevincin “budka”sından o yana çıxa bilmir. Ona görə Qənimətin qaramat studiyasından o tərəfə var-gəl edə bilmir. Ona görə ssenaristi və quruluşçu rejissoru olduğu oyunlar da özü kimi adidir, ucuzdur, kustardır, diletantcadır. Ona görə elədiyi hər namərdlik, hər vicdansızlıq, hər fitnəkarlıq bumeranq kimi qayıdıb alnının düz ortasına çırpılır. Anındaca!

Faiq Əmirlinin xüsusi statusu yoxdur, küçəyə çıxmağa icazəsi olmayıb, əlahiddə missiya daşımır. Nə işi vardı onun çöldə? Qanun hamı üçün deyilmi? Karantin qaydalarına riayət eləmək hamının borcu deyilmi? Bəlkə Əli Kərimlinin köməkçisi olduğu üçün ona istisna tanınmalı idi? Yoxsa bəyin kağız-kuğuzu, beynəlxalq aləmə ünvanlamaq üçün əvvəldən hazırlanan donoslar, “konspekt”lər, xarici danışıqlar üçün istifadə edilən və cəmi iki gün aktiv olan sim-kartlar, “trol”lara verilən canlı tapşırıqlar -filan Əmirlidən savayı kimsəyə etibar olunmur deyəmi adam belə risk alıb, hədəfə verilib?

Bütün bu sualların cavabını yalnız anti-milli ünsür, nadanbaşı Əli Kərimli bilir. Onun da başı hələ qarışıqdır. Artistliyə. Yaramazlığa. Yarıtmazlığa. Sirk nömrələri göstərməyə.” – deyə Partiya sədri fikirlərinə davam edib.