Əmək Məcəlləsinə “Ailə vəzifələri olan işçi” anlayışı daxil ediləcək

Əmək qanunvericiliyinin təkmilləşdirilməsi işləri çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən hazırlanmış, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” yeni qanun layihəsində Məcəlləyə “Ailə vəzifələri olan işçi” anlayışının əlavə edilməsi də nəzərdə tutulur.

Nazirlikdən bildirilib ki, məcəllənin 3-cü maddəsinə nəzərdə tutulan əlavədə “Ailə vəzifələri olan işçi” anlayışı “himayəsində olan uşaqlarla, eləcə də həkim məsləhət komissiyasının rəyinə əsasən qulluğa və köməyə həqiqətən ehtiyacı olan digər ailə üzvləri (atası, anası, babası, nənəsi, əri (arvadı), uşaqları (o cümlədən övladlığa götürülənlər), doğma və ögey bacıları və qardaşları, nəvələri, ərinin (arvadının) valideynləri, qardaşları, bacıları) ilə münasibətdə ailə vəzifələri olan kişi və qadın işçi” kimi təqdim edilir.

Bununla paralel olaraq Əmək Məcəlləsinin “Əmək münasibətlərində ayrı-seçkiliyin yolverilməzliyi” adlanan 16-cı maddəsinə əlavə edilərək müəyyən ediləcəkdir ki, əmək münasibətlərində digər amillərlə yanaşı “ailə vəzifələri” amilinə görə də ayrı-seçkiliyə yol verilməsin.

Qeyd olunan dəyişiklikdə məqsəd milli qanunvericiliyin Azərbaycanın qoşulduğu Beynəlxalq Əmək Təşkilatının “Kişi və qadın işçilər – ailə vəzifələri olan işçilər üçün bərabər imkanlar və bərabər rəftar haqqında” 156 nömrəli Konvensiyasına uyğunluğunu tam təmin etməkdir.