Əməkhaqqı artımı dövlət siyasətində prioritet istiqamətlərdən biridir

Azərbaycanda  həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən birini əhalinin sosial rifahının daha da yaxşılaşdırılması təşkil edir. Azərbaycan Prezidenti İlham Əliyevin “Minimum aylıq əməkhaqqının artırılması haqqında” 2019-cu il 18 iyun tarixli sərəncamına əsasən minimum əməkhaqqının 250 manat məbləğində müəyyən edilməsi də bunun bariz ifadəsidir. 

Xatırladım ki, dövlət başçısının imzaladığı həmin sərəncam artıq sentyabrın 1-dən qüvvəyə minib. Respublikamızda əhalinin rifah səviyyəsinin yaxşılaşdırılması istiqamətində atılan bu növbəti mühüm addım, eyni zamanda, cənab Prezidentin ölkədə sosial təminata daha çox ehtyacı olanlara sosial qayğısı kimi qiymətləndirilməlidir. 
Burada bir məqamı da xüsusi vurğulamaq istərdim. Son zamanlar Azərbaycanda həyata keçirilən sosial siyasət həm kefiyyət, həm də ünvanlılıq baxımından yeni bir mərhələyə qədəm qoyub. Bu mərhələdə dövlət başçısının siyasi iradəsi nəticəsində reallaşan sosial islahatlar vətəndaşlarımızın sosial təminatının daha da yaxşılaşdırılmasına baza yaradır. Minimum əmək haqqının artırılması ilə bağlı son addım isə məhz bunu bir daha təsdiq edir. 
Azərbaycan Avropa Şurasının üzvü olan bir sıra inkişaf etmiş ölkələrdə olduğu kimi, minimum əməkhaqqının orta aylıq əməkhaqqının 60 faizinə çatdırılmasını qarşıya əsas məqsəd qoyub. Bu hədəf mərhələli şəkildə reallaşdırılır. Vəzifə  növbəti dövrdə minimum əməkhaqqı ilə orta aylıq əməkhaqqı arasındakı fərqin minimumlaşdırılmasından ibarətdir. Təbii ki, bu da orta aylıq əməkhaqqı məbləğinə birbaşa təsir göstərəcək və artımlara səbəb olacaq. Bu kontekstdən son qərar isə məhz qarşıya  qoyulan məqsədə daha tez nail olunmasına əsas yaradır.
Onu da qeyd etmək istərdim ki, minimum əməkhaqqının artımı əmək münasibətlərinin leqallaşdırılması istiqamətində sağlamlaşdırıcı təsir göstərəcək. Eyni zamanda, nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinə əsasən, müxtəlif amillərə görə işçilərin əməkhaqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əməkhaqqı miqdarından az əməkhaqqı verilməsi qadağan olunur.
Prezident İlham Əliyevin “Biz həm sosial məsələlərin həlli, həm də iqtisadi inkişaf ilə bağlı siyasətimizi gələn illərdə də davam etdirəcəyik” – vurğulaması bundan sonra da ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsinin, bütün sosial proqramların uğurla davam etdirilməsinin prioritet istiqamətlər olacağını deməyə əsas verir.