Ən böyük gücümüz əmin-amanlıqdadır

XALQ,AZ xəbər verir ki, Bu gün YAP Mərkəzi Seçki Qərargahı Saatlı rayon şöbəsinin üzvləri təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Məmmədabad və Qaranuru kəndlərində seçicilərlə görüşlər keçiriblər.

YAP Saatlı rayon təşkilatının sədr müavini Mirkamal Qiyasov görüşlərdə bildirib ki, indiki narahat dövrdə dövləti idarə etmək asan məsələ deyil. Gəlin dünyanın mənzərəsini göz önündə canlandıraq. Ayrı-ayrı ölkələrdə insanlar qarşıdurmalardan, müharibələrdən, ərzaq çatışmazlığından əziyyət çəkirlər. Azərbaycanda isə əmin-amanlıq, sabitlik hökm sürür. Hesab edirəm ki, bu, hər şeydən vacibdir. İnsanlar sabahkı günə ümidlə baxırlar, həyatlarını inamla qururlar. Ölkəmizdə əmin-amanlığı təmin edən Prezident İlham Əliyevdir. O, Azərbaycan xalqının firavan yaşaması, ölkəmizin milli maraqlarının təmin olunması üçün əlindən gələn hər şeyi edir.

Qərargah üzvü Rahib Salahov bildirib ki, Azərbaycanın dövlət başçısının nümayiş etdirdiyi güclü siyasi iradə sayəsində respublikamızda yoxsulluğun tamamilə aradan qaldırılması istiqamətində davamlı tədbirlər həyata keçirilir. Çox qısa müddətdə yoxsulluğun 50 faizdən 5 faizədək azaldılması böyük nailiyyətdir. Eyni zamanda son 15 ildə respublika üzrə təxminən 1,9 milyondan artıq yeni iş yerinin yaradılması insanların sosial vəziyyətinin yaxşılaşmasında mühüm faktor qismində çıxış edir. Hazırda Azərbaycanda yoxsulluq qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağıdır. Ölkəmiz insan inkişafı indeksini MDB dövlətləri üzrə ən yüksək səviyyəyə çatdırıb, BMT-nin İnkişaf Proqramının hesabatında «yüksək insan inkişafı» ölkələri qrupunda yer alıb. Son 15 ildə ÜDM 3,2 dəfə artıb. ÜDM-in adambaşına düşən həcmi isə 7205 manat təşkil edir. Bu, olduqca yüksək göstəricidir və buna məhz Prezident İlham Əliyevin uzaqgörən, qətiyyətli siyasəti nəticəsində nail olunub.

Seçicilər bildiriblər ki, biz saatlılar həmişə olduğu kimi, 11 aprel prezident seçkilərində də fəallıq göstərməklə xalqın ləyaqətli oğlu cənab İlham Əliyevə səs verəcəyik.

 

Elgün