“Ər-Riyad” qəzeti: “Bakıda sünnü və şiələr heyrət doğuracaq şəkildə birgə namaz qılır”

“Nümayəndə heyətimiz Bakının məscidlərində namzalarını qıldığı  zaman maraqlı mənzərə ilə üzləşdi: sünnü və şiə məzhəblərinin mənsubları heyrət doğuracaq şəkildə bir yerdə namaz qılırdılar”.
XALQ.AZ  xəbər verir ki, bu sözləri Səudiyyə Ərəbistanı Krallığının Şura Məclisinin Azərbaycanla parlamentlərarası dostluq komitəsinin sədri Fayez bin Abdulla Əl-Şəhri  Azərbaycana səfəri ilə bağlı nufuzulu “Ər-Riyad” qəzetində dərc etdiyi məqaləsində yazıb.
O, səfər zamanı Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə ilə görüşdüyünü qeyd edib. Əl-Şəhri vurğulayıb ki,  A.Paşazadə ilə görüşü çox səmimi keçib:
“Öyrəndik ki, Şeyxülislam təkcə Azərbaycanın deyil, bütün Qafqazın dini lideridir. O, Gürcüstanda, Rusiyanın Şimali Qafqaz respublikalarında yaşayan sünni və şiə məzhəblərindən olan müsəlmanların hər birinin məzhəbinə görə fətva verir”.
Dostluq Komitəsinin sədri yazıb ki, Azərbaycan onda çox böyük təəssürat yaradıb:
“Bakını gəzərkən, istər rəsmi şəxslərlə görüşərkən, istərsə də adi sakinlərlə ünsiyyətdə olarkən məndə bir daha əminlik yarandı ki, Azərbaycan həqiqətən tolerant və inkişaf ölkəsidir”.
Əl-Şəhri qeyd edib ki, ölkənin 30 ildən də az müddət ərzində sürətli inkişafı heyrət doğruan işdir.
“Şərqlə Qərbin qovşağında yerləşən bu ölkə 1991-ci ildə- SSRİ-nin süqutundan sonra müstəqillik qazanıb.  Qərb qonşusu Ermənistan tərəfindən silahlı təcavüzə məruz qalıb. Azərbaycanın 20 faizini təşkil edən Dağlıq Qarabağ bölgəsi hələ də işğal altındadır. Rəsmi Bakı işğalla barışmaq istəmir, ərazi bütövlüyünü təmin etmək üçün var gücü ilə mübarizə aparır”-deyə Şura üzvü qeyd edib.
Əl-Şəhri yazır ki, Azərbaycan iqtisadiyyatı həyata keçirilən islahatlar nəticəsində inkişaf edir və bu sahədə əhəmiyyətli addım atan 10 ölkədən birinə çevrilib.
“Azərbaycan xalqının qonaqpərvərliyi isə ayrı söhbətin mövzusudur. Burada qonağa kəklikotu, limonlu, nanəli, yaxud gülablı çay, mürəbbə təqdim olunur. Paytaxt Bakı inanılmaz dərəcədə sürətlə inkişaf edir, müasirləşir. Lakin bununla yanaşı qədimliyini də, adət ənənələrini unutmur. Səfər zamanı ziyalılarla görüşlərim zamanı bu məsələni hiss etdim. Azərbaycanlılar ailəyə böyük önəm verir, qədimliklə müasirlik arasında balans yarada bilmələri ilə fəxr edirlər. Sanki burada hər şey insanların rahatlığı, firavanlığı üçün düşünülüb”.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı Şura Məclisinin Azərbaycanla parlamentlərarası dostluq komitəsinin sədri Fayez bin Abdulla Əl-Şəhrinin rəhbərlik etdiyi nümayəndə heyəti bu ilin yanvar ayında Azərbaycanda səfərdə olub. Nümayəndə heyəti səfər çərçivəsində Milli Məclisin sədri Oqtay Əsədovla da görüşüb.
Parlamentlərarası əlaqələrin razılıq doğurduğunu söyləyən Milli Məclisin sədri dostluq qruplarının fəaliyyətini yüksək qiymətləndirib.
Nümayəndə heyəti həmçinin Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə ilə müzakirə aparıb. Şeyxülislam Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin haqq işini müdafiə etdiyinə, işğalçı Ermənistanla diplomatik münasibətlər qurmadığına görə Səudiyyə Ərəbistanına təşəkkür edib. O, həmçinin həcc ziyarəti zamanı azərbaycanlılara göstərilən köməyə görə bu ölkənin rəhbərliyinə minnətdarlığını bildirib.
Orxan