Ərdoğan “Sülh Çeşməsi”nin davam edəcəyini bildirdi

Vaşinqton sanksiyalara hazırlaşır, Türkiyə prezidenti isə əməliyyatlara “davam” deyir; Suriya ordusu 5 ildən sonra Raqqaya daxil oldu

Türkiyə ordusu planlanan hədəflərə nail olana qədər davam edəcək. Bu barədə prezident Ərdoğan oktyabrın 16-da çıxışında deyib. Türkiyə prezidenti deyib ki, ötən dövr ərzində Türkiyə hərbi qüvvələri 1220 kv.km ərazini terrorçulardan təmizləyib. Əməliyyatın təmiz aparıldığını, dinc əhalinin qorunduğunu qeyd edən Ərdoğan heç bir başqa ölkənin antiterror əməliyyatları zamanı bu qədər təmiz iş görmədiyini bildirib.

Ərdoğan deyib ki, Türkiyə ordusu əməliyyatları nəzərdə tutulduğu kimi, Menbic sərhədindən İraq sərhədinə qədər və 30-35 kilometr dərinliyi nəzarətə götürənə qədər davam edəcək, yalnız ondan sonra başa çatdırılacaq.

Antiterror əməliyyatı planında hər hansı dəyişikliyin aparılmayacağını deyən Ərdoğan YPG ilə hər hansı danışıqların olmayacağını deyib. O deyib ki, bütün terrorçular silahlarını qoyub təhlükəsizlik zolağı sərhədlərindən kənara çıxmalıdır.

Ərdoğan “Sülh Çeşməsi” əməliyyatını dayandırmağa çağıran ölkələri qınayıb. Sitat: “Ey Qərb, ey Ərəb Liqası, ey az da olsa əxlaq və vicdanı olan bütün ölkələr, hamınıza səslənirəm. Bu dövran, əlbəttə, bir gün dönəcək. Sabah, birigün bizimlə eyni vəziyyətdə qalacaqsınız. O zaman biriləri də sizin qarşınıza terrora dəstək üçün çıxacaq. Bu dünyada etdiyinin əvəzini bir gün görürsən”.

Bu arada Avropa öllkələrindən Türkiyəyə silah embarqosu qərarları davam edir. İki gün əvvəl Britaniya da Türkiyəyə silah embarqosu haqda qərar vermişdi. Ötən gün Türkiyənin Avropada ən çox silah aldığı üç ölkədən biri olan İspaniya da Türkiyəyə hərbi idxalını dayandırıb.

İspaniyanın sosial hökuməti Türkiyəni əməliyyatlara son verməyə çağıraraq, bunun regional sabitliyə hədə olduğunu bildirib. Qeyd edək ki, İspaniya 2008-2018-ci illərdə Türkiyəyə silah satışına görə ABŞ, Cənubi Koreya, Almaniya və İtaliyadan sonra 5-ci yeri tutub.

barış pınarı 8. ile ilgili görsel sonucu

Xatırladaq ki, bundan əvvəl Finlandiya, İsveç, Norveç, Almaniya, Hollandiya, Fransa da Türkiyəyə silah satışını dayandıran qərarlara imza atıb. Ancaq Türkiyə üçün ən ciddi embarqo təhdidi müttəfiqi ABŞ-dandır. İki gün əvvəl ABŞ prezidentinin xüsusi qərarnaməsi ilə Maliyyə Nazirliyi Türkiyənin Milli Müdafiə və Ekologiya və Təbii Ehtiyatlar nazirlikləri, həmçinin milli müdafiə, daxili işlər və ekologiya və təbii ehtiyatlar nazirlərinə sanksiya tətbiq olunub. Bundan başqa, Türkiyənin ABŞ-a ixrac etdiyi polada görə vergi rüsumu 50 faiz artırılıb. 

Eyni zamanda nüfuzlu senator Lindsi Qrem Türkiyəyə qarşı sanksiyalar paketi layihəsi hazırlayıb. ABŞ mediası Qremin qanun layihəsini cümə axşamı günü Konqresə təqdim edəcəyini bildirib. Bu barədə mətbuata açıqlama verən Qrem iki gün əvvəl prezidentin Türkiyəyə qarşı sanksiya qərarlarını da məmnuniyyətlə qarşıladığını deyib.

Senator Qrem və demokrat senator Kris Van Hollenin birgə hazırladığı layihə Türkiyəyə qarşı bir neçə hərbi və maliyyə sanksiyalarını nəzərdə tutur. Qanun layihəsində prezident Ərdoğan, vitse-prezident Oktay, milli müdafiə naziri Akar, xarici işlər naziri Çavuşoğlu, xəzinə və maliyyə naziri Albayrak, ticarət naziri Pekcan, ekologiya və təbii ehtiyatlar naziri Dönmezə embarqo tətbiq olunması, Türkiyə ordusuna maddi, texniki vasitə və texnologiya satan, eləcə də təyyarə, onun ehtiyat hissələri, silah və digər vasitələri satan əcnəbilərə embarqo tətbiq olunmasını nəzərdə tutur. Eyni zamanda Türkiyə silahlı qüvvələrinin istifadə etdiyi neft və qaz məhsullarının istehsalına dəstək verən. Həmçinin mal, xidmət və texnologiya satan əcnəbi şəxslərə embarqonun tətbiq olunmasını nəzərdə tutur. ABŞ-ın Türk Silahlı Qüvvələrinə müdafiə vasitələri, xidmət və texnologiya satışını qadağan edir. Eləcə də S-400 alınmasına görə Türkiyəyə qarşı embarqoların tətbiq olunması, Türkiyə rəsmilərinin ABŞ-a girişinin məhdudlaşdırılması, Ərdoğanın əmlakı və gəlirləri barədə hesabatın hazırlanması.

barış pınarı 8. ile ilgili görsel sonucu

Qeyd edək ki, Qrem bir neçə gün əvvəl Konqresin Nümayəndələr Palatasının demokrat sədri Nensi Pelosi ilə görüşüb və bu qanun layihəsi ilə bağlı spikerin dəstəyini alıb. Tramp bu görüşdən sonra Türkiyəyə qarşı sanksiya layihəsini imzalasa da,  görünən odur ki, Konqresdəki siyasətçilər bununla qane olmayıb.

ABŞ prezidenti Türkiyəni Suriyada atəşkəsə razı salmaq üçün vitse-prezident Mayk Pensi Ankaraya göndərir. Pens yaxın saatlarda Ankaraya gələrək Türkiyə rəhbərliyini atəşkəsə inandırmalıdır. Çünki əks təqdirdə, Konqres daha sərt sanksiya qanununu qəbul eləsə, hətta Tramp bu qanunu veto etsə belə, ikinci dəfə Konqresin hər iki palatası 2/3-i səs çoxluğu ilə qanun layihəsini dəstəkləsələr, o zaman qanun qüvvəyə minmiş olacaq.

Pens Ankaraya dövlət katibi Mayk Pompeo ilə birlikdə gələcək. Lakin Ərdoğanın açıqlamasından belə anlaşılır ki, Türkiyə sərhədi tamam götürmək fikrindədir. Ancaq Ankaranın Vaşinqtonla bu səviyyədə qarşıdurmaya getməsi də həddən artıq riskli ola bilər.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın vitse-prezidenti Mayk Penslə görüşəcək.

barış pınarı 8. ile ilgili görsel sonucu

APA-nın xəbərinə görə, bu barədə NTV telekanalı məlumat yayıb.

Türkiyə prezidenti və ABŞ-ın vitse-prezidenti arasında görüşün oktyabrın 17-də keçiriləcəyi bildirlir.

Bu arada məlum olub ki, oktyabrın sonlarında Türkiyə prezidenti Rusiyaya səfər edəcək. Rusiyanın rəsmi xəbər agentliyi RİA Ərdoğanın Putinin dəvəti ilə bu ayın sonunda Rusiyaya səfər edəcəyi haqda xəbər yayıb. Kremlin sözçüsü Dmitri Peskov Putinin telefon danışıqları zamanı Ərdoğanı Rusiyaya dəvət etdiyini, ikincinin bu təklifi qəbul etdiyini deyib.

İki gün əvvəl Suriya ordusunun Fərat çayının şərq sahilində qalan və kürdlərin nəzarətində olan Menbic şəhərini nəzarətə götürməsi haqda xəbər vermişdik. Ötən gün isə Suriya ordu birləşmələri Raqqa şəhərinə daxil olub. Bu, Suriya ordusunun son iki gündə kürdlərlə razılaşmadan sonra kürd bölgəsində nəzarətə götürdüyü növbəti böyük şəhərdir. Bundan əvvəl Suriya ordusu Hasake, Təl Tamr, Qamışlı, Əyn İsa kimi iri yaşayış məntəqələrinə daxil olub. Raqqa ilə birlikdə Suriyanın şimalında kürd ərazilərində iri şəhərlərin nəzarəti demək olar kürdlərdən alınmış olub. Xatırladaq ki, 2014-cü ildə İŞİD-in əlinə keçən Raqqa Fərat çayı üzərində yerləşən strateji şəhər idi. Bir müddət İŞİD-in Suriyadakı “paytaxtı” olan Raqqa 2017-ci ildə ABŞ ordusunun kürd qüvvələri ilə birgə əməliyyatı nəticəsində İŞİD-dən alınmışdı.