“Əslində, onun bu müqayisəsi birbaşa Azərbaycan xalqına təhqirdir”

“Belarusda baş verən hadisələrdən iştaha gələn radikal müxalifət xarici kəşfiyyat qurumlarının göstərişləri ilə açıq şəkildə dövlətə, xalqa qarşı çağırışları həyata keçirirlər. Təsadüfi deyil ki, AXCP sədri Əli Kərimli “blokadada olsa da” aktivləşib və “Osmanqızı tv”, “Azərbaycan saatı” kimi youtube kanallarında insanları kütləvi şəkildə itaətsizliyə dəvət edir, dövlət çevrilişinə cəhdlərini davam etdirir. Biz onun bu cür anti-milli fəaliyyətini 2003-cü ildə Gürcüstanda baş verən inqilabdan tutmuş son 17 il ərzində müxtəlif ölkələrdə yaşanmış siyasi proseslərə qədər hadisələrdən həvəsə düşüb eyni taktika ilə dağıdıcılığı təbliğ etməsini görmüşük. Ona görə də insanları kütləvi itaətsizliyə çağıran Əli Kərimli kimilərin əməllərinə hüquqi qiymət verilməli və onlar məsuliyyətə cəlb edilməlidirlər”.

XALQ.AZ-ın xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, ölkənin əsas müxalifət partiyaları həyata keçirilən islahatları dəstəklədiyi, seçkilərin demokratik inkişafın əsas vasitəsi hesab etdiklərini bildirdikləri halda radikal müxalifət tam əks prosesi təbliğ edir, fəaliyyətini dağıdıcılıq üzərində qurmağa, kütləvi dağıntıların həyata keçirilməsinə çalışır:

“Məsələn, Əli Kərimli ötən gün “Osmanqızı tv” youtube kanalında çıxışı zamanı çox savadsız bir formada Azərbaycanı Sudan, Liviya, Misir, Suriya, Venesuela kimi ölkələrlə müqayisə edir. Əslində, onun bu müqayisəsi birbaşa Azərbaycan xalqına təhqirdir. Əgər bu gün Sudan 2 yerə parçalanıbsa, Ukrayna və Gürcüstan ərazisinin 50 faizini itiribsə, Suriyada kimin idarəetmə ilə məşğul olduğu bilinmirsə, Venesuelada 10 kiloqram pula bir çörək alınırsa, Misirdə, Tunisdə hər gün hökumət dəyişirsə, bu vəziyyəti Azərbaycana transformasiya etmək, arzulamaq nə qədər məntiqlidir, millilikdir? Bütün bunlar onu göstərir ki, Əli Kərimli bu gün dövlətimizin, dövlətçiliyimizin məhv edilməsində maraqlıdır. Buna bəlkə də heç təəccüblənmək də lazım deyil. Çünki, oğlu Türkel Kərimli ABŞ-da, qızı Selcan Kərimli Britaniyada, kiçik oğlu da Londonda çox bahalı təhsil alır, lord həyatı sürürlər. Sual olunmalıdır ki, necə olur Əli Kərimli 20 ildir işsizdir, amma övladları, özü bahalı həyat tərzi sürür, mühafizəçilərlə gəzir, son model maşınlardan istifadə edir? Necə ola bilər ki, onun övladlarının xaricdəki gündəlik yaşayışı, böyük xərcləri belə çox asanlıqla qarşılanır? Əli Kərimli hər gün şəffaflıqdan və korrupsiyadan danışır. Bəlkə, bir gün qorxmadan ictimaiyyət qarşısına keçsin və bu suallara cavab versin. İnanmıram çıxsın. Çünki onun işi ancaq monoloqdan ibarətdir”.

Sədaqət Vəliyeva vurğulayıb ki, Ermənistanla olan gərgin münasibətlər fonun Əli Kərimlinin fəallaşması və açıq şəkildə insanları təxribata sürükləməsi diqqətsiz qalmamalıdır. Mütləq şəkildə onun bu çıxışlarından doğan dağıdıcılıq və radikalizm əməllərinə hüquqi qiymət verilməli, qanun çərçivəsində cəzasını almalıdır.