11 aprel seçkilərinin mühüm məqamlarından danışlıdı

XALQ.AZ xəbər verir ki, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, politoloq Rufiz Qonaqovun təqdim etdiyi analitik verilişdə 11 apreldə keçirilən Azrbaycandakı prezident seçkilərinin mühüm məqamları müzakirə edilib. AzTv -nin “Bizim Planet “verilişinin bu dəfəki qonaqları millət vəkili, professor Hikmət Məmmədov və millət vəkili, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə olub.

Politoloq Rufiz Qonaqov bildirib ki, Azərbaycan xalqı növbəti dəfə sabitliyə, inkişafa və demokratiyaya səs verdi. “Beləliklə də, Azərbyacanın hazırkı prezidenti İlham Əliyev xalqın böyük dəstəyi ilə prezident seçildi. Bu münasibətlə ilk andan etibarən prezident İlham Əliyevə çoxsaylı təbriklər ünvanlandı. Hazırda da güclü ölkələrin prezidentləri və hökumət nümayəndləri, eləcə də nüfuzlu beynəlxalq təşkilatların rəhbər şəxsləri tərəfindən İlham Əliyev növbəti qələbəsi münasibəti ilə təbrik edilir”- deyə politoloq qeyd edib. Rufiz Qonaqov seçkilərin nəticələri ilə bağlı konkret rəqəmlər və faktlarla çıxış edərək vurğulayıb: “Azərbaycan Cənubi Qafqazın lider ölkəsi olaraq çox böyük uğurlara imza atıb ki, bundan sonra da ölkəmizi bu inkişaf və uğurlar gözləyir.

Bildirilib ki, 1000-ə yaxın beynəlxalq və 60 min yerli müşahidəçinin iştirak etdiyi prezident seçkilərində çoxsaylı “Exit-poll” da var idi. “ELS” Müstəqil Araşdırmalar Mərkəzi, “Rəy” Monitorinq Mərkəzi, Vətəndaş Cəmiyyəti uğrunda Müstəqil Məsləhətlər və Yardım Mərkəzinin Fransanın “Opinion Way” təşkilatı eləcə də, ABŞ-ın “Artur J.Finkelstein and Associates” təşkilatının Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ilə birlikdə açıqladıqları nəticələr seçkinin düzgün və dəqiqliyini sübut edib. Nəhayət, Mərkəzi Seçki Komissiyasının hesabatında bildiridi ki, YAP namizədi İlham Əliyev 86,03 faiz səslə liderdir.

Verilişdə müzakirələr zamanı çıxış edən millət vəkili Hikmət Məmmədov bildirib ki, 11 aprel prezident seçkiləri ən yeni siyasi tariximizin çox mühüm hadisəsidir. Deputat seçkinin nəticələrini Azərbaycan xalqının zəfəri kimi dəyərləndirərək deyib: “Azərbaycan prezidenti təkcə seçki prosesində ona rəqib olan namizədlərə qalib gəlmədi. Azərbyacan prezidenti və xalqı müasir mürəkkəb tarixi mərhələdə Azərbaycan dövlətini sarsıtmaq istəyənlərə, onu lidersizləşdirmək istəyənlərə, onu dövlətsizləşdirmək istəyənlərə qalib gəldi”. Profssor Hikmət Məmmədov vurğulayıb ki, bu qələbə mühüm tarixi siyasi prosesdir.

“Bizim Planet”də o da qeyd olunub ki, prezident İlham Əliyev aprelin 11-də keçirilən seçkilərdə ona göstərilən böyük etimada görə xalqımıza müraciət edərək minnətdarlığını bildirib.

Verilişdə müzakirə olunan əsas məsələlərdən biri də ATƏT-in Parlament Assambleyası, Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyalarının 11 aprel prezident seçkiləri ilə bağlı qərəzli seçki hesabatı idi. Vurğulanıb ki, prezident seçkilərini izləyən beynəlxalq müşahidəçilərin əksəriyyətindən fərqli olaraq, ATƏT-in qısa müddətli müşahidə missiyası heç bir fakta əsaslanmayan qərəzli bəyanat və açıqlamalarla çıxış edərək anti-Azərbaycan mövqelərini sərgiləyiblər. Siyasi şərhçilər bildiriblər ki, ATƏT PA, AŞPA, DTİHB kimi təşkilatların nümayəndələrinin demokratik və şəffaf şəkildə keçirilmiş seçkilərlə bağlı belə qərəzli münasibəti böyük təəssüf doğurur.

Məsələyə münasibət bildirən millət vəkili Çingiz Qənizadə deyib: “İkili standartlara əsaslanan bu hesabat xalqımızın siyasi iradəsinə hörmətsizlikdir. Biz adları çəkilən təşkilatlardan bu dərəcədə riyakarlıq gözləmirdik. Dünyanın hər bir ölkəsində keçirilən seçkilərdə çox cüzi də olsa çatışmazlıqlar ola bilər. Lakin həmin çatışmazlıqların seçkilərin nəticələrinə heç bir təsir göstərməyəcəyini bilə-bilə bunu bu qədər şişirtmək yanlışdır. Bütün bunların arxasında nələrin durduğu bizi düşünməyə vadar edir.” Hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə vurğulayıb ki, Azərbaycanın Dağlıq Qarabağ kimi böyük bir problemi var və ATƏT-in Minsk qrupu bu məsələni nizamlamağa çalışır. Belə bir vəziyyətdə bu problemi görməzdən gəlib ermənilərin yanında olmaq, seçkilərdən də təzyiq vasitəsi kimi istifadə edərək Azərbaycanı nüfuzdan salmağa çalışmaq və bu məqsədlə qərəzli açıqlama yaymaq yolverilməzdir.

Bildirilib ki, ATƏT DTİHB-nin missiyasının köməkçisi Vüqar Əhmədovun məsələ ilə bağlı keçirtdiyi mətbuat konfransı da sözü gedən qrumların qərəzli yanaşmasını sübut edən faktlardandır.

Qeyd olunub ki, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası sözü gedən müşahidə missiyalarının hesabatına dair bəyanat qəbul edib. Mərkəzi Seçki Komissiyası adı çəkilən sübutsuz, ziddiyyətlərlə dolu qərəzli hesabatın tam təhlilini məqsəd kimi qoymur. Siyasi şərhçilər MSK-nın hüquq və faktlara əsaslana bəyanatının dəqiqliyini vurğulayıblar. Bildirilib ki, biz istənilən platformada, istənilən hadisə ilə bağlı öz hüquqlarımızı qorumağı bacarmalıyıq. Bu baxımdan MSK da bu müstəvidə çıxış edərək öz tələblərini irəli sürüb.

Müzakirələrin nəticəsində qeyd edilib ki, Azərbaycan müstəqillik tarixində daim bu cür qərəzli münasibətlərlə rastlaşıb, ancaq demokratiya və müstəqillik yolundan dönməyib. ATƏT-in müşahidə missiyasının bu cür hesabatları ölkəmizin daxili və xarici siyasi kursuna, eyni zamanda, dünyada artan nüfuzuna hansısa formada təsir edə bilməz.