media-10

Azərbaycan Xalq Cumhuriyyəti dönəmindən başlayaraq mətbuat tariximizdə milli mündəricəsi, aydın və qərəzsiz mövqeyi ilə özünəməxsus yer tutan Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC bu gün keçdiyi mürəkkəb, keşməkeşli və şərəfli yolun 105 yaşını qeyd edir.
1919-cu il martın 3-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Nazirlər Şurasının iclasında Azərbaycan Teleqraf Agentliyinin təşkili barədə məsələ müzakirə olunduqdan sonra Nazirlər Şurasının sədri Fətəli Xan Xoyskinin bu barədə məruzəsi dinlənilib, Agentliyin təşkil edilməsi Xalq Maarif naziri Nəsib bəy Yusifbəyliyə tapşırılıb. Sonradan bu səlahiyyət Maarif Nazirliyindən alınaraq Poçt və Teleqraf Nazirliyinə həvalə edilib. 1919-cu ilin ikinci yarısında AZƏRTAC-ın yaradılması haqqında qanun layihəsi və Agentliyin əsasnaməsi hazırlanıb.
1920-ci il fevralın 2-də Agentliyin ştatlarının layihəsi və əsasnaməsi Milli Hökumətin iclasında müzakirə edilərək parlamentə təqdim olunub. Parlamentin fevralın 23-də keçirilən iclasında deputatlar Ağa Eminov və Ağa Aşurov AZƏRTAC-ın yaradılmasının zəruriliyini bir daha əsaslandırıblar. Beləliklə, 1920-ci il martın 1-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən əsası qoyulan AZƏRTAC ilk milli xəbər agentliyi kimi 105 ildir ki, çətin və şərəfli yol gəlməkdədir.
1920-ci il martın 2-də “Azərbaycan” qəzetində “AZƏRTAC” imzası ilə ilk xəbərlər dərc olunub. Lakin həmin il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqutu səbəbindən AZƏRTAC müstəqil agentlik kimi yalnız ikicə ay fəaliyyət göstərə bilib.
Azərbaycanda sovet hakimiyyətinin qurulduğu ilk aylarda AZƏRTAC ideoloji müstəvidə öz müstəqilliyini qoruyub saxlamağa çalışsa da, zaman keçdikcə məcburən Sovet İttifaqı Teleqraf Agentliyinin (SİTA) filialına çevrilib.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra bu informasiya agentliyinin də milli əsaslarda fəaliyyəti bərpa olunub. 1995-ci il martın 3-dən Nazirlər Kabineti yanında Dövlət Teleqraf Agentliyi, 2000-ci il yanvarın 17-dən isə Azərbaycan Dövlət Teleqraf Agentliyi adlandırılmağa başlayıb. Dövlət başçısı İlham Əliyevin 26 fevral 2015-ci il tarixli sərəncamına müvafiq olaraq Azərbaycan Dövlət Teleqraf Agentliyinin adı Azərbaycan Dövlət İnformasiya Agentliyinə (AZƏRTAC) dəyişdirilərək tarixi adı özünə qaytarılıb.
AZƏRTAC bu gün ölkə həyatının bütün sahələri – ictimai-siyasi, iqtisadi, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ətraf mühit və digər sahələr haqqında 24 saat ərzində fasiləsiz olaraq səkkiz dildə – Azərbaycan, ingilis, rus, fransız, alman, ərəb və çin dillərində operativ informasiyalar yayır. Dünyanın ən nüfuzlu informasiya agentlikləri mötəbər və etibarlı xəbər qaynağı kimi tanınan AZƏRTAC-ın informasiyalarından istifadə edir. Regionda 8 dildə informasiya və videoxəbər yayan yeganə agentlik də məhz AZƏRTAC-dır. Qlobal informasiya məkanında özünəməxsus yer və mövqe tutan AZƏRTAC-ın beynəlxalq əlaqələri və xarici ölkələrdəki müxbir şəbəkəsi ildən-ilə genişlənməkdədir. Bu gün AZƏRTAC-ın ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Avstriya, İspaniya, İtaliya, Çin, Yaponiya, İsveç, Rumıniya, Latviya, Macarıstan, Rusiya, Ukrayna, Misir, Türkiyə, Gürcüstan, İran, Özbəkistan və Türkmənistanda, eləcə də respublikanın bütün bölgələrində müxbir məntəqələri fəaliyyət göstərir.
Hazırkı media bumu və sosial şəbəkələrlə rəqabət şəraitində AZƏRTAC informasiya məkanında öz yerini qoruyub saxlamaq və möhkəmləndirmək üçün çağdaş dövrün çağırışlarına çevik reaksiya verməsi, xəbər texnologiyasının ən yeni metodlarına yiyələnməsi baxımından öncüllüyü ilə seçilir. Onun yaradıcı və texniki potensialı bu vəzifənin öhdəsindən layiqincə gəlməyə imkan verir.
AZƏRTACın tarixi ənənələrini yaşadan gənc və peşəkar kollektivini İnformasiya Agentliyinin 105 yaşı münasibətilə ürəkdən təbrik edir, onlara möhkəm can sağlığı və fəaliyyətlərində davamlı uğurlar arzulayıram!
Cavanşir Feyziyev
Milli Məclisin deputatı


media-ads728x90

Bənzər xəbərlər