Səbaildə tədbir

Səbaildə Səfərbərlik Xidmətinin yaradılmasının 5 illiyi qeyd olunub

Səbail Rayon İcra Hakimiyyətində rayon rəhbərliyi, rayondakı idarə və təşkilatlarının, ictimaiyyətin, veteranların, gənclərin nümayəndələrinin və çağırışçıların iştirakı ilə  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 5 illiyinə həsr olunmuş tədbir keçirilib.

İlk öncə qonaqlar RİH-nin foyesində Ümummilli lider Heydər Əliyevin büstünü ziyarət edərək önünə çiçək dəstələri düzüblər.

Məlumata görə, tədbirin əvvəlində Vətənimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş soydaşlarımızın xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbiri açan Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev iştirakçıları salamlayıb, qeyd edib ki, 2012-ci il fevralın 13-də Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb. Fərman vətəndaşların hərbi xidmətə çağırışı sahəsində idarəetmə strukturunun təkmilləşdirilməsi, onun müasir tələblərə uyğun qurulması məqsədini daşıyırdı. Keçən müddət ərzində xidmət və onun rayon İdarəsi tərəfindən xeyli iş görülüb, əməkdaşlar üzərilərinə düşən mühüm və məsuliyyətli vəzifələrin öhdəsindən layiqincə gəliblər.

Toplantıda çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Səbail Rayon İdarəsinin rəisi, polkovnik Polad İbrahimov keçən 5 il ərzində Dövlət Xidməti və onun Səbail Rayon İdarəsi tərəfindən görülən işləri barədə məlumat verib. O bildirib ki, idarə öz işini rayonda fəaliyyət göstərən təşkilat və müəssisələrlə sıx əlaqə qurub:”Xüsusilə rayonun orta təhsil müəssisələri, yerli özünüidarə orqanları, veteran və gənclər təşkilatları ilə birgə yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin, onların silahlı qüvvələrdə xidmətə hazırlığı məsələlərinin möhkəmləndirilməsi, çağırışçıların xüsusi hərbi ixtisaslar üzrə hazırlığının aparılması işlərinə xüsusi diqqət yetirilib. Bunun nəticəsidir ki, keçən müddət ərzindən Səbail rayonundan həqiqi hərbi xidmətə çağırış zamanı xidmətdən hər hansı yayınma və ya fərarilik halları olmayıb. Hərbi xidmətdə olan səbailli gənclərin bir qrupu keçən ilin aprel ayında cəbhə xəttində baş vermiş döyüşlər zamanı xüsusilə fərqlənib, onlardan 2 nəfəri döyüşlərdə yaralanıb. Biz onlarla fəxr edirik”.

Tədbirlə çıxış edən müharibə veteranları, şəhid ailəsi üzvləri, gənclər, təhsil işçiləri və başqaları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti əməkdaşlarını əlamətdar gün münasibəti ilə təbrik edib, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb, gələcəkdə də xidmət əməkdaşları ilə rayonun idarə, müəssisə, təşkilat və ictimaiyyət nümayəndələri arasında əməkdaşlığın daha sıx olacağını bildiriblər.

Tədbirin sonunda yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi işlərində fərqlənən bir qrup müharibə veteranı, ictimaiyyət nümayəndəsi və pedaqoji işçi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Səbail Rayon İdarəsinin Fəxri Fərmanları ilə təltif ediliblər.