17 saylı poliklinikada “xidmətlər”

Hekim

Baş həkim Elmira xanım bülliten satır, ondan şikayət etdirənləri isə işdən çıxartdırır 

Qaradağ rayonu, Qobustan qəsəbəsində yerləşən 17 saylı poliklinikada sözün əsl mənasında tibbi xidmətdən başqa bütün “xidmətlər” göstərilir. Bu barədə oxucularımızdan biri XALQ.AZ-a məlumat verib.

Məlumatda deyilir ki, poliklinakanın baş həkimi Elmira xanım uzun illərdir bu müəssisəyə rəhbərlik edir. Həmin illər ərzində dəfələrlə qanunsuz hərəkətlərə yol versə də, hər dəfəsində yaxasını problemlərdən kənara çəkə bilib.

Məlumatda deyilir ki, Qobustan qəsəbəsində yerləşən 321, 195, 223 saylı orta məktəbin müəllimləri məhz Elmira xanımın “imzası” ilə hər ay istirahət etməli olur. Bunu necə həyata keçirildiyi isə olduqca maraqlıdır. Məlumatda vurğulanır ki, adları çəkilən məktəbin müəllimləri 30-40 manat pulun müqabilində poliklinakanın baş həkimi Elmira xanımdan “bülleten” (xəstəlik vərəqəsi) alırlar. Heç bir xəstəliyi olmadığı halda, müəllimlər ayda bir dəfə 1 həftəlik bülletenə çıxa bilirlər.

XALQ.AZ-a verilən məlumatda daha sonra deyilir ki, poliklinikada vətəndaşlara pulsuz verilməli olan dərmanlar pulla satılır. Həmçinin, adi bir iynə 5-10 manata vətəndaşlara vururlur. Elə poliklinikanın əməkdaşlarından birinin verdiyi məlumata görə, orada “bülleten” alveri gedir: “Təkcə məktəb müəllimləri yox, digər idarələrin, təşkilatların işçiləri də 30-40 manat pul verib, 1 həftəlik bülleten alırlar. Halbuki, heç bir xəstəlikləri olmur. İndi 5 manata verilir bülleten, bu Elmira xanımın tapşırığıdır”.

Bir digər məlumata görə, Elmira xanımın etdiyi özbaşınalıqlar barədə yuxarılara dəfələrlə məlumat verilib. Lakin heç bir tədbir görülməyib. Elə onun özü də öz işçilərinə də, vətəndaşlara da, dəfələrlə “kimə deyirsinizsə, deyin, mənim hər yerdə adamım var” deyib. Hətta, bir neçə il bundan əvvəl, Qobustan qəsəbə nümayəndəsi onun haqqında müvafiq qurumlara şikayət etsə də, sonda ərazi nümayəndəsi olan Tofiq adlı şəxs öz işini itirməli olub.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.