Astarada xeyriyyə aksiyası

Mayın 7-də Astara rayonunun Kijəbə qəsəbəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin səyyar hospitalı və Mərkəzi Gömrük Hospitalının peşəkar həkimlərindən ibarət tibbi heyətinin iştirakı ilə “Ürək-damar sistemi xəstəliklərinə qarşı mübarizə” layihəsi çərçivəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş xeyriyyə aksiyasına start verilib.

Üç gün davam edəcək humanitar aksiya çərçivəsində Mərkəzi Gömrük Hospitalının ürək cərrahı, tibb elmləri doktoru, Milli Məclisin deputatı Rəşad Mahmudovun rəhbərliyi ilə hospitalın təcrübəli kardioloqları rayon əhalisinə tibbi xidmət göstərəcək.

Aksiya zamanı tibbi yardıma ehtiyacı olan rayon sakinləri kardioloqlar tərəfindən müayinə olunur, Exo, EKQ doppler müayinə edilir və səhhətində problem olan vətəndaşlara peşəkar tibbi yardım göstərilir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən dünyada qeyri-infeksion xəstəliklər səbəbi ilə baş verən ölüm hallarının əksəriyyəti damar sisteminin xəstəlikləri ilə bağlıdır. Bununla bağlı Mərkəzi Gömrük Hospitalının keçirdiyi “Ürək-damar sistemi xəstəliklərinə qarşı mübarizə” humanitar layihəsi çox böyük əhəmiyyət kəsb edir. Bu gün vaxtında üzə çıxarılmış ürək xəstəliyi və onun vaxtında aradan qaldırılması yüzlərlə insana sağlamlıq bəxş etmək deməkdir.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi tərəfindən belə xeyriyyə tədbirlərinin Azərbaycanın digər rayonlarında da keçirilməsi nəzərdə tutulub.

Ürək cərrahı Rəşad Mahmudov jurnalistlərə verdiyi müsahibəsində bildirib ki, aksiyanın məqsədi Mərkəzi Gömrük Hospitalının səyyar tibbi xidmət briqadası ilə birlikdə regionlara səfər etmək, ən ucqar kəndlərə qədər gedib ürək-damar problemlərindən əziyyət çəkən insanlarla bilavasitə təmasda olmaq, rayon yerlərində bəzən həkimə getməyə imkanı olmayan insanlara ən yüksək texnologiyalar əsasında diaqnostik müayinələr aparmaqdır.

Aksiya zamanı, həmçinin insanlar xolesterin, təzyiq, şəkər kimi problemlərlə bağlı maarifləndiririlir, xəstəliklərlə əlaqədar problemlərini yerindəcə həll edib gələcək fəsadların əmələ gəlməməsi üçün onlara doğru müalicə və profilaktik məsləhətlər verilir.

16 nəfərdən ibarət həkim briqadası üç gün ərzində ürək-damar xəstəlikləri, o cümlədən bu sahə ilə əlaqəli daxili orqanlarda olan problemləri və böyrək patologiyalarını müayinə edəcək. Həkim briqadasında anadangəlmə ürək qüsurları üzrə yüksək ekspertlər də var.

Xeyriyyə aksiyasında 500 nəfərə yaxın rayon sakininin müayinəsi nəzərdə tutulub.

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.