Şəhid oğlu- Azərbaycan Respublikasına xidmət edirəm!

Ermənistan silahlı qüvvələrinin törətdiyi qanlı təxribat nəticəsində şəhid olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu Aqil Omarovun doğulub boya-başa çatdığı Qax rayonunun Lələpaşa kəndində ölümündən sonra layiq görüldüyü “Şücaətə görə” medalının ailəsinə təqdim edilməsi münasibətilə təntənəli mərasim keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin XALQ.AZ verdiyi  məlumata görə, mərasimdə Müdafiə Nazirliyinin rəsmiləri, Qax və Xocavənd rayon İcra Hakimiyyətlərinin rəhbərliyi, ziyalılar, hüquq-mühafizə orqanlarının, Qeyri-hökumət təşkilatlarının, ictimaiyyətin nümayəndələri, kənd sakinləri, şəhidin hərbçi dostları və ailə üzvləri iştirak ediblər.

Respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin səyyar təşviqat maşını vasitəsilə şəhidlərin xatirəsinə Rekviyem səsləndirilib.

Mərasimdə qeyd olunub ki, Aqil Omarov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunudur. Hərbi xidmətdə, döyüşlərdə fərqləndiyinə, göstərdiyi şəxsi şücaətə görə sağlığında 5 döyüş medalı ilə təltif olunub. Dəfələrlə fəxri fərman və təşəkkürlərə layiq görülüb. Komandirlərin, xidmət yoldaşlarının, eləcə də tabeliyində olan şəxsi heyətin böyük hörmətini qazanıb.

Sonra Azərbaycan Respublikasının Prezidenti adından hərbi qulluqçu Aqil Akif oğlu Omarovun “Şücaətə görə” (ölümündən sonra) medalı ilə təltif olunması haqqında Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri oxunub.

General-leytenant Kərim Vəliyev həmin medalı şəhidin böyük oğlu Uğurun yaxasına sancıb. Atasının əvəzindən generaldan icazə alan Uğurun “Azərbaycan Respublikasına xidmət edirəm!” deməsi mərasim iştirakçılarına duyğulu anlar yaşadıb.

Mərasimdə Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, millət vəkili Azər Kərimli, şəhidin vaxtilə xidmət etdiyi hərbi birliyin zabiti polkovnik Babək Səmidli və başqaları çıxış ediblər.

Təntənəli mərasimin sonunda şəhidin valideynləri Akif və Ahuzar Omarovlar oğulları ilə fəxr etdiklərini və onun xidmətlərinin dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyinə görə minnətdarlıqlarını bildiriblər.

Mərasim “Biz gəlirik, Qarabağ!” vətənpərvərlik marşının ifası, şəhidin məzarının ziyarət olunması, ehsan süfrəsinin açılması və dualar oxunması ilə başa çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.