20 baldan sonra sürücünü nə gözləyir?

Surucu

20 baldan sonra sürücünü nə gözləyir? Keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsinə görə 100 manat cərimə nəzərdə tutulur.
XALQ.AZ-ın avtosfer.az-dan verdiyi məlumata görə, sürcülərin törətdiyi qayda pozuntularına görə inzibati məsuliyyət məsələsində xeyli dəyişikliklər nəzərdə tutan qanun qüvvəyə minir. Əsas yeniliklər bunlardır:

  1. Qayda pozan sürücünün hər hansı DYP orqanına çağırılması istisnasız olaraq qadağan edilir.
  2. Sürücülük hüququnun məhdudlaşdırılmasına səbəb olan cərimə ballarının sayı 12-dən 20-yə qaldırılır.
  3. 20 cərimə balı toplandıqda sürücülük hüququ əvvəlki kimi 2 aydan 1 ilədək yox, konkret olaraq 6 ay müddətinə məhdudlaşdırılacaq. Bununla, məhdudlaşdırmanın müddəti konkretləşdirilir.
  4. Cərimənin ödənilməsi gecikdikdə hər gün üçün əlavə olunan dəbbə pulu 2 faizdən 1 faizə endirilir.
  5. Cəriməni ödəyərkən 10 faizlik güzəştdən istifadə müddəti 3 gündən 5 günə qədər qaldırılır.
  6. Sürət həddinin 10-20 km/saat aşılmasına görə cərimə 30 manatdan 10 manata endirilir və s…
    Bu dəyişikliklərin bəzilərinin geriyə qüvvəsi də var.

Dəyişikliklərdə o da qeyd olunur ki, İnzibati Xətalar Məcəlləsinin 151.5 və 152-1.1-ci maddələrində nəzərdə tutulmuş xətaların törədilməsinə görə şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmadan inzibati cərimə tətbiq edildikdə, həmin xətalar 5 balla qiymətləndirilir. İnzibati xətanın törədilməsinə görə təyin edilmiş bal inzibati tənbeh tətbiq etmə haqqında qərar qüvvəyə mindiyi vaxtdan 1 il müddətində qüvvədə olur.
Xüsusi səs, qırmızı və ya göy sayrışan işıq siqnalı verən, keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsinə və ya belə nəqliyyat vasitəsinin müşayiət etdiyi mütəşəkkil nəqliyyat dəstəsinə qoşularaq hərəkət edilməsinə görə yüz manat miqdarında cərimə edilir.

Bundan əlavə, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə edən fiziki şəxs haqqında məlumatı bu barədə sorğu daxil olduğu vaxtdan 5 gün müddətində verməməsinə görə hüquqi şəxs üç yüz manat miqdarında cərimə edilir.

Yeni qaydalara əsasən, xüsusi səs, qırmızı və ya göy sayrışan işıq siqnalı verən, keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsinə və ya belə nəqliyyat vasitəsinin müşayiət etdiyi mütəşəkkil nəqliyyat dəstəsinə qoşularaq hərəkət edilməsinə görə yüz manat miqdarında cərimə nəzərdə tutulur.

Qeyd edək ki, həmin əməlin törədilməsinə görə cərimə sanksiyası əvvəllər 60 manat və 3 bal idi. İndi isə 100 manat və 3 bal tətbiq olunacaq. Xüsusi səs, qırmızı və ya göy sayrışan işıq siqnalı verən nəqliyyat vasitələri dedikdə isə təcili tibbi yardım, yanğınsöndürən, polis və digər avtomobillər nəzərdə tutulur. Keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələri və ya mütəşəkkil nəqliyyat dəstəsi isə operativ nəqliyyat vasitələri və onların müşaiyət etdiyi kortejlər nəzərdə tutulur.


Comments are closed.