20 Yanvar şəhidlərinin müstəqillik arzuları bu gün çin olub

Naqif Həmzəyev,

Milli Məclisin deputatı

Xalqımız Azərbaycan tarixinə qanla yazılmış 20 Yanvar hadisələrinin 29-cu ildönümünü qeyd edir, ölkəmizin azadlığı, müstəqilliyi uğrunda şəhidlik zirvəsinə ucalmış igid övladlarının əziz xatirəsini böyük ehtiramla anır.

XX əsr tarixində totalitarizmin törətdiyi ən qanlı terror aktından 29 il keçməsinə baxmayaraq Azərbaycan xalqı o dəhşətli qanlı yanvar gecəsini unutmur və heç vaxt da unutmayacaq. 20 Yanvar hadisələri əslində Azərbaycan xalqına deyil, bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli qətliam idi.

Totalitar sovet rejiminin 20 Yanvar hadisəsini müstəqillik tariximizə, xalqın yaddaşına qanla yazmasına baxmayaraq Vətən övladlarının fədakarlığı, şəhidliyi ilə o müdhiş gecə xalqımızın qəhrəmanlıq səlnaməsinin parlaq səhifələrinə çevrildi. Məhz 20 Yanvardan başlayaraq Azərbaycan xalqı haqq səsini daha ucadan bəyan etdi, istiqlal mücadiləsinin dönüş nöqtəsini qoydu. Xalq azadlıq, istiqlaliyyət uğrunda küçələrə və meydanlara çıxdı, müstəqillik istəyi ilə həmrəylik nümayiş etdirdi. Həmin vaxtlar SSRİ rəhbərliyinin Azərbaycan əleyhinə çirkin niyyətlərini daha rahat həyata keçirilmək üçün vəzifədən uzaqlaşdırdığı ulu öndər Heydər Əliyev həyatını riskə qoyaraq, öz ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəlməsi, keçirdiyi mətbuat konfransında bu vəhşiliyi kəskin şəkildə pisləməsi xalqın güvənc yerinə çevrildi. Ümummilli liderin əliyalın xalqa qarşı törədilən terroru hüquqa, demokratiyaya, insanlığa zidd aksiya adlandırması, bütün dünyaya bəyan etməsi xalqın müstəqillik, suverenlik eşqini daha da artırdı. Sovet imperiyasının mövcud olduğu bir dövrdə ulu öndərin çoxlarının cürət etmədiyi qətiyyətli addımı, hər zaman olduğu kimi xalqla bir yerdə olduğunu nümayiş etdirməsi milli mənliyin qorunması uğrunda gedən mübarizəni daha da alovlandırdı.

Məhz Heydər Əliyev siyasi hakimiyyətə qayıtdıqdan sonra bu dəhşətli cinayət hadisəsinə ölkə miqyasında obyektiv qiymət verildi. Məhz ulu öndərin təklifi ilə 1994-cü ildə 20 Yanvar hadisələrini yetərincə qiymətləndirmək istiqamətində addımlar atıldı. Vətənin azadlığı və suverenliyi uğrunda şəhid olanlara “20 Yanvar şəhidi” adı verildi.

Ulu öndərin siyasi kursuna layiqincə davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsini daim diqqət mərkəzində saxlayır Ölkəmizin azadlığı, müstəqilliyi uğrunda canlarından keçən şəhidlərimizin arzuları bu gün ölkə Başçımız cənab İlham Əliyev tərəfindən həyata keçirilir. Azərbaycan müstəqil dövlət kimi dünyanın inkişaf etmiş dövlətləri ilə bir sırada addımlayır. Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin qətiyyətli addımları zəmanət verir ki, azadlığımızı canı ilə qazanıb qanı ilə yazan şəhidlərin apardığı şərəfli mübarizə davam edəcək, üçrəngli bayrağımız tezliklə işğal altında olan torpaqlarımızda dalğalanacaq.

 

Orxan