2019-cu il irimiqyaslı islahatlarla yadda qalacaq


Prezident İlham Əliyev rəhbərliyi ilə 2019-cu il ərzində yeni sosial-iqtisadi çağırışlar nəzərə alınaraq irimiqyaslı islahatlar aparılıb. Bu islahatlar məqsədyönlü və konkret strateji hədəflərə doğru hesablanıb. Başqa sözlə, islahatlar ölkədə yüksək dayanıqlı və inklüziv iqtisadi artımın təmin edilməsi, iqtisadiyyatın daha da şaxələnməsi, özəl investisiyaların və təşəbbüslərin yüksək səviyyədə təşviqi üçün əlverişli zəmin yaradıb.

XALQ.AZ xəbər verir ki, bu fikirlər YAP Səbail rayon təşkilatının sədr müavini, politoloq Arzuman Muradlının şərhində yer alıb.

Politoloq bildirib ki, islahatlar Azərbaycanda regionların inkişafını daha da sürətləndirib. Bunun sayəsində ölkəmizin siması kökündən dəyişib. Hazırda, hətta ən ucqar bölgələr belə sosial-iqtisadi və mədəni inkişaf səviyyəsinə görə paytaxt Bakıdan heç də geri qalmır.

İl ərzində ölkədə çoxsaylı sənaye parkları və sənaye məhəllələri, texnoloji parklar yaradılıb, mövcud istehsal obyektləri genişləndirilib. İnnovasiyalı istehsal iqtisadiyyatda, o cümlədən aqrar sahədə aparıcı istiqamətə çevrilib. İxrac üçün sənaye məhsulları istehsalı yüksək sürətlə artıb.

Aqrar sektorda məhsul istehsalçıları üçün güzəştlər və dövlət yardımı daha da artırılıb. Belə ki, cari il fermerlərə 21 milyon manat həcmində güzəştli kənd təsərrüfatı krediti verilib ki, bundan da 717 fermer yararlanıb. Bununla yanaşı, fermerin borclanma göstəricisi 29 min manata düşüb. Eyni zamanda, 2019-cu ildə fermerlərə güzəştli şərtlərlə 4089 ədəd kənd təsərrüfatı texnikası, 4 510 ədəd damazlıq heyvan satılıb. Bunun nəticəsində ənənəvi kənd təsərrüfatı sahələri dirçəldilib. Aqroparklar ölkənin landşaftını tanınmaz dərəcədə dəyişib, xarici dövlətlərin Azərbaycanın kənd təsərrüfatı məhsullarına tələbatı xeyli artıb.

Yeri gəlmişkən, cari il pambıqçılıqda rekord göstərici əldə olunub, 294 min ton pambıq yığılıb və hər hektardan məhsuldarlıq orta hesabla 29,4 sentner təşkil edib. Xatırladım ki, belə yüksək nəticə, ilk növbədə, ölkə rəhbərinin bu sahəyə diqqəti və dövlət tərəfindən göstərilən dəstəklə bağlı olub.
Bu il, həm də investisiyaların qeyri-neft sektoruna, xüsusən də regionların inkişafına yönəldilməsi, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması, işsizlik probleminin həlli, əhalinin həyat şəraitinin yaxşılaşdırılması ilə diqqət çəkib.

Politoloq vurğulayıb ki, üç regional dövlət proqramının icra olunduğu illər ərzində ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artıb. Bu müddətdə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri açılıb, 100 mindən çox müəssisə yaradılıb, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enib.
Regionların inkişafı ilə bağlı 2019-2023-cü illəri əhatə edən dördüncü dövlət proqramı çərçivəsində hazırda bölgələrdə kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsi, sosial infrastrukturun yaxşılaşdırılması, kənd yerlərini də əhatə etməklə məşğulluğun təmin olunması istiqamətlərində ciddi addımlar atılır. Eyni zamanda, bu gün regionlarda yaradılan biznes mühiti, kənd təsərrüfatı və sənayenin inkişafı üçün infrastruktur artıq öz bəhrəsini verir və bölgələrdə məşğulluğun təmin olunmasında əsas rol oynayır.

Dördüncü regional proqrama əsasən, 4 il müddətində bölgələrə 17 milyard manata yaxın vəsait qoyulacağı nəzərdə tutulub ki, bunun da təxminən 4,6 milyard manatı özəl şirkətlər tərəfindən həyata keçiriləcək.

Bu ilin əvvəlindən Azərbaycan iqtisadiyyatının imkanlarının çoxalması büdcənin gəlir hissəsinin 18 faiz artmasına gətirib çıxarıb. Prezidentin siyasi iradəsi ilə artan büdcə imkanları bilavasitə əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönəlib. Sosial təminat üzrə irimiqyaslı tədbirlər paketinin reallaşması Prezident tərəfindən müəyyənləşdirilən, maliyyə sabitliyini təmin edən büdcə qaydaları çərçivəsində həyata keçirilib. Başqa sözlə, inqilabi sosial paketin reallaşması inflyasiya təzyiqi yaratmadan və manatın sabitliyi şəraitində mümkün olub.

Prezident İlham Əliyevin irəli sürdüyü təşəbbüslər, iqtisadi islahatlar nəticəsində 2019-cu ildə respublika büdcəsinə əlavə maliyyə resursları daxil olub. Həmin resurslar isə sosial tədbirlərin gerçəkləşməsinə real zəmin yaradıb. Təkcə cari il 4 milyon 200 mindən çox insan geniş sosial paketlə əhatə olunub və minimum əməkhaqqı, minimum pensiya əhəmiyyətli dərəcədə artıb. Minimum əməkhaqqı təxminən 2 dəfə, minimum pensiya 70 faizdən çox, müavinətlər 2 dəfə çoxalıb. Bu il orta əməkhaqqı 35 faiz yüksəlib.

Onu da qeyd etmək yerinə düşər ki, təkcə bu il deyil, ümumiyyətlə, son 16 il ərzində Azərbaycanda sürətli inkişaf dövrü yaşanıb. Bu inkişaf özünü bütün sahələrdə büruzə verib. Belə ki, 2003-2019-cu illərdə ölkə iqtisadiyyatı 3 dəfədən çox artıb. Bütün digər göstəricilər də onu təsdiq edir ki, iqtisadi artım, eyni zamanda, vətəndaşların sosial təminatına müsbət təsir göstərib. Bu inkişafla ölkədə yoxsulluq təxminən 50 faizdən 5 faizə düşüb. Xarici dövlət borcu ən aşağı səviyyəyə enib, bu, ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edib və belə bir göstəriciyə görə Azərbaycan dünya miqyasında doqquzuncu yerdə qərarlaşıb.
Dövlət başçısı müsahibəsində vurğuladığı kimi, hazırda ölkədə gerçəkləşdirilən sosial layihələrin həyata keçirilməsi sırf iqtisadi inkişafla bağlıdır və əlavə gəlirlərin böyük əksəriyyəti sosial layihələrə istiqamətləndirilir. Şübhəsiz ki, gələn ildə də bu istiqamətdə önəmli addımlar atılacaq.

Bu il struktur islahatlarının reallaşması ümumi inkişafa mane olan problemlərin aradan qaldırılmasında mühüm rol oynayıb və əhalinin sosial problemlərini həll etməyə, şəffaflığı artırmağa, müxtəlif sektorlarda inzibati prosedurların sayını və məsrəfləri azaltmağa, habelə dövlət xidmətlərinin keyfiyyətini yaxşılaşdırmağa imkan verib. Məsələn, biznesin qurulması üçün qeydiyyat prosedurlarının sayı üçdən birə, müddəti isə 3,5 gündən 12 saata düşüb.

Hazırda tikinti üçün icazələr sahibkarın iştirakı olmadan elektron formada, “bir pəncərə” prinsipi əsasında həyata keçirilir. Elektrik şəbəkəsinə qoşulmaq üçün sifarişlərin elektron sistemi istifadəyə verilib, prosedurların sayı 7-dən 2-yə, bunun üçün tələb edilən vaxt 41 gündən 20 günə endirilib.

Arzuman Muradlı daha sonra deyib: “Aparılan islahatlar Azərbaycanın beynəlxalq reytinqlərdə mövqelərinə də müsbət təsir göstərib. Məsələn, Dünya Bankı tərəfindən dərc edilən “Doing Business 2020” reytinqində Azərbaycan islahatçı ölkələrin ilk iyirmiliyinə daxil edilib. Bütövlükdə, Azərbaycan “Doing Business 2020” reytinqində 190 ölkə arasında 34-cü yeri tutub.

XALQ.AZ