“2019-cu ildə qarşımızda çoxsaylı vəzifələr durur”

“2019-cu ildə qarşımızda aqrar sahənin dayanıqlı inkişafına ciddi təsir edə biləcək çoxsaylı vəzifələr durur”.

XALQ.AZ xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov Yeni Azərbaycan Partiyasının internet səhifəsinə müsahibəsində deyib.

“İlk növbədə Nazirlik tərəfindən yaradılmaqda olan “Elektron kənd təsərrüfatı” informasiya sisteminin formalaşdırılmasını başa çatdırmalıyıq. Bu sistemin tətbiqi aqrar sahədə, o cümlədən subsidiyaların verilməsində şəffaflığı və çevikliyi təmin edəcək. Bütün xidmətlərin elektron hökumət üzərindən həyata keçirilməsi fermerlərə əlavə üstünlüklər yaradacaq. Onların məhsuldarlıq və satış üzrə proqnozlaşdırma imkanları, məlumatlılığı artacaq, dövlət xidmətlərinin sadələşdirilməsinə və sənədlərin azaldılmasına, xidmətlərin əlçatanlığına, habelə yeni bazar alətlərinin tətbiqinə imkan verəcək”, – deyə o, qeyd edib.

“Bundan başqa, intensiv inkişaf mexanizmlərinin daha sürətli tətbiqi hesabına məhsuldarlığın yüksəldilməsində ciddi nəticələrə nail olmalıyıq. Texnoloji transferlərin dəstəklənməsi və resursqoruyucu texnologiyaların fəal tətbiqi sayəsində iqlim dəyişikliklərinin mənfi təsirlərinin yumşaldılmasını və ətraf mühitin qorunmasını təmin etməliyik”, – deyə nazir əlavə edib.

 

Orxan