“2020-ci ildə bu layihələrin həcmi rekord həddə çatıb”

Dövlətimiz pandemiya dövründə insanların həyat və sağlamlığının qorunması, onların sosial müdafiəsinin təmin edilməsi üçün zəruri addımlar atıb. Böyük maliyyə tutumuna malik qərarlar qəbul edən dövlətimiz yenə də öz vətəndaşlarının yanında olmaq nümunəsi sərgiləyir. COVID-19 infeksiyasının ölkələrin həyatını iflic etdiyi vaxtda xalqımızın sağlamlığı, rifahı üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər, genişmiqyaslı sosial dəstək bir çox ölkələr üçün nümunə ola bilər.

XALQ.AZ xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat bildirib ki, artıq aylardır, ölkədə koronavirus pandemiyasına qarşı genişmiqyaslı tədbirlər görülür, əhalinin sağlamlığının qorunması ilə yanaşı, məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət aparılır.

O vurğulayıb ki, ölkəmizdə çox böyük sosial layihələr həyata keçirilir və 2020-ci ildə bu layihələrin həcmi rekord həddə çatıb:

“Prezident İlham Əliyevin ölkəmizdə koronavirus pandemiyası ilə mübarizədə görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı keçirdiyi videoformatda müşavirədə də bu məqama toxunulub. Dövlət başçısının bəyan etdiyi kimi həm pandemiya, həm də neftin qiymətinin aşağı səviyyədə olması bizim gəlirlərimizə mənfi təsir göstərib, ancaq nəzərdə tutulmuş heç bir sosial layihə yarımçıq qalmayıb, yaxud da ixtisar edilməyib. Ölkəmizdə həssas qruplara, pandemiyanın təsirlərinə məruz qalan insanların sosial müdafiəsinin gücləndirilməsinə yönələn dəstək tədbirləri davam edir. Cənab prezident müşavirədəki çıxışında vurğuladı ki, təqribən 5 milyona yaxın insan geniş sosial paketlə əhatə olunub. Ölkə başçısı qeyd etdi ki, 760 min insana lazımi maliyyə dəstəyi göstərildi və onların iş yerləri qorundu, əks təqdirdə, 760 min insan işsiz qala bilərdi. Çünki onların çalışdıqları sektorlar pandemiya nəticəsində ən böyük zərər görmüş sektorlardır. Təbii ki, sahibkarlar, işəgötürənlər indi gəlir əldə etmirlər və beləliklə, yüz minlərlə insan işsiz qala bilərdi. Yenə də dövlət operativ tədbirlər nəticəsində dərhal bu məsələyə müdaxilə etdi”.

Millət vəkilinin sözlərinə görə, altı yüz min işsiz insan, qeyri-formal məşğul əhali, müvəqqəti öz işini itirən, aztəminatlı təbəqə dövlət tərəfindən qayğı ilə əhatə olunub:

“Onlara artıq bir neçə ay ərzində 190 manat birdəfəlik müavinət verilir. Dövlət başçısı həmçinin hazırda sərt karantin rejiminin tətbiq edildiyi 13 şəhər və rayonun bu kateqoriyaya aid insanlarına avqust ayında 190 manatın ödənilməsi barədə müvafiq göstəriş verib”.

Vüqar İskəndərov vurğulayıb ki, ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır:

”Bundan başqa ölkəmizdə pandemiya dövründə iqtisadi sahədə biznesə dəstək məsələlərində də çox böyük addımlar atılıb. Son büdcə düzəlişləri də Azərbaycanın sosialyönümlü dövlət olduğunu təsdiq etdi”.