2022-ci il Qış Olimpiya Oyunlarına namizədlər (SİYAHI)

Olimp

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi Oslo (Norveç), Almatı (Qazaxıstan) və Pekin (Çin) şəhərlərini 2022-ci il Qış Olimpiya Oyunlarına ev sahibliyi etmək hüququna namizədlər kimi rəsmən təsdiq edib.

XALQ.AZ-ın məlumatına görə, bu qərar BOK İcraiyyə Komitəsinin Lozannada keçirilən iclasında elan edilib.

2022-ci il Qış Olimpiya Oyunlarının keçirilməsinə namizəd şəhərlərə inspeksiya səfərləri gələn ilin əvvəlində başlanacaq.

BOK-un Qiymətləndirmə Komissiyasının rəhbəri Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukovdur.

“Reuters” agentliyi BOK-un rəhbəri Tomas Baxın aşağıdakı sözlərini sitat gətirib: “Oyunların təşkilinə bir-birindən fərqlənən üç yanaşma görməyə çox şad olarıq. Bu halda BOK hər birinin fərqli büdcəsi və Olimpiya irsinə dair fərqli planları olan üç sifarişdən birini seçmək imkanı qazanacaq”.

2022-ci il Olimpiadasının paytaxtı 2015-ci ilin yayında Malayziyada elan ediləcək.

2022-ci il Olimpiadasının keçirilməsinə əvvəlcə altı şəhər iddia edirdi. Lakin sonradan Stokholm (İsveç), Krakov (Polşa) və Lvov (Ukrayna) 2022-ci il Qış Olimpiadası uğrunda mübarizədən imtina ediblər.

2018-ci il Oyunlarının paytaxtı Cənubi Koreyanın Pxençxan şəhəri olacaq.