21 sentyabr – Beynəlxalq Sülh Günüdür

Beynəlxalq Sülh Gününün builki devizi insanları iqlim dəyişikliyinə qarşı mübarizədə həmrəyliyə çağırışdır

“Atəş səslərinin illərdən bəri susmadığı, dağıntıların artdığı Suriyada dinc əhaliyə qarşı bakterioloji, kimyəvi silahdan istifadə olunub”, “Əfqanıstanda silahlı toqquşmalar nəticəsində   qadınlar və uşaqlar da daxil olmaqla xeyli insan həlak olub”, “İraqda törədilən terrorlar ara vermir”, “ Separatizmdən əzyyət çəkənlər, günahsız yerə öldürülənlər arasında fələstinlilər üstünlük təşkil edir”.

“Türkiyənin İŞİD, PKK kimi terror birləşmələrinə qarşı mübarizəsində şəhid olan əsgərlər doğma yerlərində torpağa tapşırıldılar”… İraq, Suriya, Livan, Liviya, Misir, Əfqanıstan, Pakistan, Kəşmir, Türkiyə… Terrorun baş alıb getdiyi, əhalisi əsasən müsəlmanlardan ibarət olan bu ölkələrdə  törədilən dağıntılar, daxili çəkişmələr, insanlara vurulan maddi- mənəvi yaralar hər gün narahatlıqla izlədiyimiz, eşitdiyimiz aktual mövzularındandır.

Dünyanın müxtəlif ölkələrinin efir və ekranlarının informasiya balansının əsasını təşkil edən bu kimi xəbərlər xeyirxah, bəşəri dəyərləri qiymətləndirən insanları narahat edir. Qlobal problemlərlə üzləşən, dünya xalqlarının ümumi evi olan planetimizdə baş verən hadisələr gündəlik həyatımıza təsirsiz ötüşmür. Çox təəssüf ki,  insanları təşvişdə saxlayan, narahatlıq yaradan neqativ hallar müxtəlif formalarda artmaqdadır. Sərhəd tanımayan, kütləvi qırğınlarla nəticələnən terror birləşmələrini silah-sursatla təmin edən, dini radikalizmi yayan dairələri maliyyələşdirən, maddi-mənəvi dəstək göstərən baronlar qırğınlar nəticəsində həlak olanlar üçün məsuliyyət daşımalıdırlar.

Dünyada sülhün, əmin- amanlığın yaranması naminə qətnamələr qəbul edib, çağırışlar səsləndirən BMT-nin qərarı ilə hər ilin sentyabar ayının 21-i tarixinin Beynəlxalq Sülh Günü kimi qeyd olunmasında məqsəd günahsız insanları qorxudan təhlükələrin qarşısını almaq, ölüm-qan saçan atəş səslərini susdurmaqdır.

1981-ci ildə BMT tərəfindən təsis edilən Beynəlxalq Sülh Günü ilk mərhələdə sentyabrın üçüncü çərşənbə axşamı qeyd edilirdi. 2001-ci ildə Birləşmiş Krallıq tərəfindən təklif olunan qətnaməyə əsasən, bu əlamətdar gün üçün dəqiq tarix 21 sentyabr seçildi və o vaxtdan bu tarix hər il əlamətdar hadisə kimi dünya miqyasında qeyd olunur.

İnsanları sülhə, sabitliyə, təhlükəsizliyə çağıran həmin gün BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında quraşdırılan “ Sülh zəngi”nin çalınması ilə başlayır. Yaponiya parlamentinin bütün dünya xalqlarına hədiyyəsi olan bu zəngin üzərində yazılmış “ Yaşasın Mütləq Dünya Sülhü” sözləri bəşəriyyətin qorunması, silahların susdurulması, sakini olduğumuz dünyamızda əmin -amanlığın təminatı üçün həyəcan siqnalıdır. Həmin zəng qan-qada gətirən döyüşlərin 24 saat ərzində dayandırılmasını, münaqişə və müharibələr zamanı həlak olanların xatirəsinin bir dəqiqəlik sükütla yad olunmasını tövsiyə edir. Sülhün bərqərar olmasına yönəlmiş bu çağırış insanlığın missiyası, bəşəri dəyərlərin ən önəmlisidir. Dünyanın müxtəlif güşələrində müharibələrin artdığı, separatçılığın, təcavüzkarlığın geniş miqyas aldığı , yeni münaqişə ocaqlarının yarandığı, dövlətlərarası münasibətlərin gərginləşdiyi, silah, narkotika, orqan ticarəti şəbəkəsinin bütün dövlətləri əhatə etdiyi müasir dövrümüzdə sülhün bərqərar olmasından danışmaq tezdir. Həmin gün keçirilən Sammitdə iştirak edən dövlət başçıları bir araya gələrək iqtisdi böhran içərisində qalan ölkələrdə xəstəlik, ana və uşaq ölümlərinin qarşısının alınması, yoxsulluq və aclıqla mübarizə yolları ilə bağlı müzakirələr keçirir, əhalisi aclıqdan, maddi vəziyyətdən əziyyət çəkən xalqlara yardımların ayrılması ilə bağlı fikir mübadiləsi aparılır. Münaqişə bölglərində döyüşən tərəflər bu atəşkəsə əməl etməyə çağırılır. Silahların susduğu bu zaman kəsiyində münaqişələrin insanlara verdiyi əzab- əziyyətlərdən söz açılır, bir günlük fasilənin daimi olması üçün vasitələr axtarılır. Təbii ki,  illərdən bəri müharibə şəraitində yaşayan, insanları birlik və həmrəyliyə çağıran multikulturalizmin tərəfdarı olan , Dağlıq Qarabağ münaqisəsinin sülh yolu və ərazi bütövlüyümüzün təminatı ilə başa çatması üçün sülhə çağırış səslərinə ilk tərəfdar olan da elə tolerant Azərbaycandır. Ermənistanın torpaqlarımıza təcavüzü nəticəsində müharibənin əziyyətlərini yaşayan, qaçqın, köçkün problemi ilə üzləşən, Azərbaycan regionda  sülhün, əmin-amanlığın təminatı üçün bütün imkanlardan istifadə edir. Beynəlxalq təşkilatlarda ərazi bütövlüyümüzün bərpası üçün aparılan müzakirələrdə, danışıqlarda Azərbaycanın sülhsevər siyasəti diqqətə çatdırılır. Ermənistanın dinc əhalimizə qarşı törətdiyi Xocalı soyqırımında  qətlə yetirilən soydaşlarımızın faciəsini bütün dünya xalqlarına çatdıran Prezident İlham Əliyevin sülhsevər siyasəti bütün dünyada dəstəklənir. Sivilizasiyalar arasında körpü missiyasını yerinə yetirən Azərbaycanda keçirilən möhtəşəm tədbirlərdə insanları birliyə, həmrəyliyə səsləyən bütün çağırışlar Azərbaycan xalqının sülhə tərəfdaşlığının nümunəsidir.

Amma hadisələri istədiyi səmtə döndərən, tarixə “yamaq vuran”, müharibə və münaqişələri şəxsi məqsədləri naminə qızışdıran qüvvələrin əlində oyuncaq olan, atəşkəs rejimində belə hər gün təmas xəttinə yaxın kəndlərimizi, yaşayış məntəqələrimizi hədəf seçən, iri və xırda çaplı silahlardan atəş açaraq dinc sakinləri öldürən, yaralayan, şikəst edən, BMT, AŞPA, ATƏT kim təşkilatların qətnamələrinə əməl etməyən erməni silahlıları üçün Sülh Günü ilə bağlı  çağırışların əhəmiyyəti yoxdur.

Hazırda  Şərq ölkələrində baş verən münaqişələr, müharibələr nəticəsində yaranan miqrant axını üçün bir günlük də olsa sülh nə qədər önəmlidirsə, bu dəhşəti insanlara yaşadanlar üçün bir o qədər əhəmiyyətsizdir.  Çünki silah səsləri ilə açılan, təlaş və qorxu içərisində başa vurulan hər gün  neçə- neçə insanın ölümü, səfaləti, xəstəliyi, təhqir və təhdidlərlə üzləşməsi deməkdir. İnsan hüquqlarının pozulması ilə şərtlənən, Avropa və Qərbin “ demokratiya, rahat həyat tərzi ilə bağlı, təşəbbüsləri”nin yaratdığı problemlər  həllini tapmayınca bütün dünya xalqlarının arzusunda olduğu sülhdən söhbət gedə bilməz.

Ən müasir silah və sursatlardan istifadə nəticəsində ekoloji tarazlığın pozulması, dağılan şəhərlərin infrastrukturunun yararsız hala düşməsi, flora və faunanın nadir nümunələrinin kökünün kəsilməsi , yaşayış üçün həyat qaynağı, oksigen mənbəyi yaşıllıqların məhv edilməsi… bütün bunlar birbaşa və dolayısı ilə sülhün təminatına əngəl törədir.

Bu sadalananlar isə sakini olduğumuz dünyanın gərdişini hələ tam qavramayan  müasir nəsildə psixoloji vəziyyət, şok yaradır. Bəzən isə onlarda yaranan intiqam duyğuları  İŞİD, PKK kimi silahlı dəstələrə maraq oyadır. Təsadüfi deyil ki, gənclər sosial şəbəkələrdə ən çox  terrorçu qrupların vəhşiliklərini, qan donduran qətlləri, kriminal görüntüləri izləyirlər.

Builki Beynəlxalq Sülh Gününün iqlim dəyişikliyi kimi mühüm məsələyə həsr olunması da təsadüfi deyil. BMT-nin Baş katibi Antonio Quttereşin Beynəlxalq Sülh Günü ilə  bağlı dünya xalqlarına müraciətində deyilir: “ Bu gün dünya yeni təhlükə- bizim təhlükəsizliyimizi, həyatda qalmaq üçün mənbələrimizi təhdid edən iqlim böhranı ilə qarşı-qarşıyadır. Məhz buna görə Beynəlxalq Sülh Günü bu il həmin mövzuya həsr olunub. Məhz bu səbəbdən mən iqlim dəyişməsi ilə mübarizə üzrə Sammit çağırmışam.”

2015-ci ildə təşkilata üzv olan 193 ölkənin qəbul etdiyi 2030-cu ilədək dövrdə dayanıqlı inkişaf hədəfləri yoxsulluğun ləğvi, planetin qorunması və ümumi rifahın təmin edilməsi sülhün və sabitliyin qorunmasıdır. Qlobal istiləşmənin törətdiyi fəsadlar müəyyən mənada lokal münaqişələrə və regional toqquşmalara səbəb olur. Cari ilin may ayında Yeni Zelandiyada gənclərin qarşısında çıxış edən BMT-nin Baş katibi A. Quttereşin vurğuladığı kimi, “təbiətlə danışıqlar mümkün olmadığı” üçün həyat qaynağımız olan təbii sərvətlərimizin qorunması qayğısına qalmaq bütün xalqların vəzifəsi, borcudur. Bunun üçün bütün dövlətlər dörd əsas vəzifəni- çirklənmə mənbələrinə əlavə vergi tətbiqini, qazıntı növlü yanacağa subsidiyalar ayrılmasını, yeni daş kömür elektrik stansiyalarının tikintisini və “ boz” iqtisadiyyatdan “ yaşıla” keçidi həyata keçirməlidirlər. Yəni, atəş səslərini təbiətin insanlara bəxş etdiyi gözəlliklərlə susdurmaq sülhə xidmət deməkdir. Sentyabrın 23-də keçiriləcək iqlim Sammiti ərəfəsində BMT-nin mərkəzi strukturlarında keçirilən tələbələrin toplantısında iştirak edən gənclər dünyada sülhə veriləcək töhfə və iqlim dəyişmələrinə qarşı mübarizə ilə əlaqədar layihələrini təqdim edəcəklər. Hansı çağırışı səsləndirməsindən asılı olmayaraq Beynəlxalq Sülh Günü dünya xalqlarını birliyə, həmrəyliyə doğru çağırış tarixidir.