Prezident Xəzər rayonu üçün pul ayırdı

Xəzər rayonunda avtomobil yollarının, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin davam etdirilməsi üçün vəsait ayrılıb.

XALQ.AZ xəbər verir ki, dövlət başçısı “Bakı şəhərinin Xəzər rayonu ərazisində avtomobil yollarının, həmçinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, Xəzər rayonunun Binə, Buzovna, Qala, Mərdəkan, Şağan, Şüvəlan və Türkan qəsəbələri ərazisində yeni infrastruktur layihələrinin həyata keçirilməsi məqsədilə 6 milyon manat, o cümlədən avtomobil yollarının yenidən qurulması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 3 milyon manat, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üçün isə “Azərsu” ASC-yə ilkin olaraq 3 milyon manat ayrılıb.

XALQ.AZ