Deputat seçicilərin problemlərini həll etdi-Fotolar

Seçiciləri ilə mütəmadi olaraq görüşən, onların problemləri ilə maraqlanan 85 saylı Şamaxı seçki dairəsindən deputat Tamam Cəfərovanın avqust ayının 27-də növbəti dəfə seçicilərlə onlayn görüşü baş tutmuşdur. XALQ.AZ xəbər verir ki,seçicilər pandemiya şəraitində üzləşdikləri çətinliklər, qarşılaşdıqları problemlər barədə millət vəkilinə müraciət etmişdirlər. Millət vəkili Tamam Cəfərova ölkəmizdə koronavirus pandemiyasına qarşı cənab Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan uğurlu, hərtərəfli mübarizə tədbirləri haqqında ətraflı məlumat vermiş və vətəndaşların karantin rejiminin tələb etdiyi qaydalara əməl olunmasının vacibliyini vurğulamışdır. Millət vəkili həmçinin bildirmişdir ki, vətəndaşların təkcə sağlamlığı deyil, onların məşğulluq və sosial rifah məsələləri də hər zaman ölkə başçısının diqqətindədir.

Qəbulda əsasən məşğulluq, sosial təminat, əlilliyin müəyyən edilməsi, təhsil haqqı, içməli su, mənzil şəraitinin yaxşılaşdırılması, zəlzələdən zərər çəkmiş evlərin təmir və bərpası ilə əlaqədar məsələlər müzakirə olunmuşdur. Vətəndaşlarla aparılan müzakirələr qeydə alınmış və qanunvericiliyə uyğun şəkildə aidiyyatı qurumlar qarşısında məsələ qaldırılacağı barədə seçicilərə məlumat verilmişdir.

XALQ.AZ