Suqovuşanda Azərbaycan bayrağını qaldıran əsgərə ev verildi

“Cavid-2016” MMC şirkəti işğal altında olan torpaqların azad edilməsi uğrunda keçirilən hərbi əməliyyatlarda şücaət göstərən hərbçiyə mənzil hədiyyə edib.

XALQ.AZ xəbər verir ki, oktyabrın 27-də şirkətin ofisində keçirilən təqdimatda Suqovuşan qəsəbəsinin azad edilməsindən sonra Azərbaycan bayrağını meydanda dirəyə taxaraq dalğalandıran əsgər İlkin Fərzəliyevə “Cavid-2016” şirkətinin rəhbərliyi tanınmış iş adamı Xudu Rzayev tərəfindən mənzil hədiyyə olunub.

Şirkətin rəhbəri bildirib ki, həmin görüntüləri izləyəndə fərəh hissi keçirib və elə o an da həmin əsgərə ev bağışlamaq qərarına gəlib.

Bu gün keçirilən təqdimatda mənzilin sənədləri və açarı əsgərin atası Azad Fərzəliyevə təqdim edilib. A.Fərzəliyev şirkət rəhbərliyinə minnətdarlığını bildirərək təşəkkür edib.

Təqdimatda İ.Fərzəliyevin anası Mətanət Fərzəliyeva da işitrak edib.


XALQ.AZ