276 Azərbaycan vətəndaşının İrandan qayıdışı təmin olundu

İran ərazisində olan Azərbaycan vətəndaşlarının ölkəmizə geri qayıtması təmin edilir.

Nazirlər Kabinetinin yanında operativ qərargahdan XALQ.AZ-a verilən məlumata görə, bununla əlaqədar İranda olan vətəndaşlarımızın Azərbaycanın Tehran şəhərindəki Səfirliyinin və Təbriz şəhərindəki Baş Konsulluğunun qaynar xəttlərinə daxil olan müraciətləri qeydiyyata götürülür.

Vətəndaşlarımızın qayıdışı sərhəd keçid məntəqəsində əvvəlcədən müəyyən edilmiş vaxtlarda fəaliyyət göstərən xüsusi dəhliz vasitəsilə həyata keçirilir. Bu məqsədlə İrandan Astara sərhəd-keçid məntəqəsinə gələn vətəndaşlar müvəqqəti qalma yerləri və  zəruri şəraitlə təmin edilmiş, müəyyən olunmuş qrafiklə 276 nəfər Azərbaycan ərazisinə keçmişdir. Sərhədi keçən vətəndaşlar xüsusi ayrılmış avtobuslarla karantin zonalarına aparılıb. Qeyd edək ki, İrandan qayıdan vətəndaşlar mütləq şəkildə 14-29 gün müddətinə karantin rejiminə yerləşdirilir. Bütün vətəndaşlardan karantin rejiminin tələblərinə riayət etmək tələb olunur.

Əlavə sorğular üçün vətəndaşların Azərbaycanın Tehrandakı Səfirliyi və Təbrizdəki Baş Konsulluğunda açılmış qaynar xətlərə müraciət etməsi tövsiyə edilir. Sorğular daxil olduqdan sonra vətəndaşlarımızın Azərbaycana keçidinin uçuş reysi və xüsusi ayrılmış sərhəd dəhlizi ilə həyata keçirilməsi nəzərdə tutulur.